Türk dünyası xəritəsinə Lavrov da münasibət bildirdi

Rusiya xarici işlər naziri Sergey Lavrov MHP lideri Dövlət Baxçalının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi türk dünyasının xəritəsində Rusiya ərazisinin göstərilməsi barədə sualı cavablandırıb.

ABNA24 Xəbər Verir,Sergey Lavrov Türk Ölkələri Təşkilatının yaradılmasını müsbət qiymətləndirərək deyib: “Bizim türk ortaqlarımız əvvəlcə türk ölkələrinin əməkdaşlığını, indi isə təşkilatını yaratdılar. Biz buna çox yaxşı yanaşırıq. Əgər söhbət mədəni təşkilatçılıqdan, dil birliyinə dəstəkdən, humanitar yardımdan, təhsil əməkdaşlığından gedirsə, burda pis heç nə görmürəm.”

Rusiya xarici işlər naziri bu təşkilatın hərbi əməkdaşlıq istiqamətinə yönəldilməsi barədə gedən söz-söhbətləri isə dolayısı ilə qəbuledilməz adlandırıb: “söhbət bəzi təsdiq olunmamış, lakin danışılan hərbi birliklərin yaradılmasından gedirsə, bu, işlərin xeyrinə olmayacaq. Bu nə Türkiyənin, nə də təşkilata üzv olan türkdilli ölkələrin xeyrinə olacaq.”

Rusiya xarici işlər naziri bu mövzunun Rusiya və Türkiyə prezidentləri tərəfindən müzakirə ediləcəyini bildirib: “Prezidentlər bu barədə zəngləşəcək. Mən də sabah Stokholmda keçiriləcək ATƏT-in sammitində həmkarım Mövlud Çavuşoğlu ilə bu sualları açıq şəkildə müzakirə edəcəm”, - deyə rusiyalı diplomat bildirib.

S.Lavrov qeyd edib ki, dürüst şəkildə problemi bildirib aydınlıq gətirmək lazımdır:“Maraq balanslarını qorumaq üçün müzakirə edib aydınlıq gətirməliyik”.