Tramp hakimiyyətin ötürülməsi prosesini başlatdı

ABŞ prezidenti Donald Tramp hakimiyyətin ötürülməsi proseduruna başlamağa göstəriş verib. O, bu barədə noyabrın 23-də "Tvitter"də yazıb. 
 
Tramp Ümumi xidmətlər İdarəsinə (CSA) və öz komandasına hakimiyyətin Demokratlar partiyasını təmsil edən Co Baydenə ötürülməsi üçün ilkin protokollara uyğun "lazım olan” addımları atmağı tapşırıb. ABŞ liderinin sözlərinə görə, bu qərarı "ölkənin ən yaxşı maraqları” naminə atıb. Eyni zamanda Ağ Ev sahibi öz qələbəsinə qəti inamını ifadə edib. "Bizim işimiz əminliklə irəliləyir, biz qəti mübarizəmizə davam edirik, mən əminəm ki, qalib gələcəyik”, - Tramp deyib.
 
Daha əvvəl "CNN" telekanalı ABŞ federal hökumətinin hakimiyyəti Baydenə ötürməyə hazır olduğunu xəbər vermişdi. Qeyd olunurdu ki, bu, Tramp komandasının seçkilərdə öz məğlubiyyətini etiraf etmək istiqamətində ilk addımıdır. 
 
2020-ci il noyabrın 3-də ABŞ-da növbəti prezident seçkiləri keçirilib. Səslərin sayılması və bu mövzu ətrafında araşdırmalar hal-hazırda da davam edir. Amma KİV-lərin dəyərləndirməsinə görə, Bayden qələbə üçün lazımi sayda seçici səsini qazanaraq Trampı arxada qoyub. Demokratların nümayəndəsi özünü artıq ABŞ-ın yeni seçilmiş prezidenti elan edib. Öz növbəsində Tramp Baydenin bu addımını "tələskən” adlandırıb.