Tramp ABŞ-ın baş infeksionistini idiot adlandırdı

Prezident xalqın artıq pandemiya ilə bağlı mövzulardan yorulduğunu deyib
 
ABŞ prezidenti Donald Tramp ölkənin baş infeksionisti Antoni Faucini karonavirus pandemiyası ilə bağlı əhaliyə dezinformasiya yayan "idiotlar" siyahısına daxil edib. 
 
"Chicago Tribune" xəbər verir ki, prezident 20 oktyabrdakı çıxışında amerikalıların epidemiya ilə bağlı xəbərlərdən artıq təngə gəldiyini bəyan edib. 
 
"İnsanlar Covid-dən yorulublar. Mən tərəfdarlarımla çoxsaylı görüşlər keçirirəm. Onlar üçün artıq fərqi yoxdur, deyirlər ki, "sadəcə bizdən əl çəkin". Onlar bundan yorulublar, Faucini və hər şeyi səhv başa düşən o biri idiotları dinləməkdən beziblər", - Ağ Ev rəhbəri açıqlamasında deyib. 
 
19 oktyabrda isə ABŞ-ın baş infeksionisti Antoni Fauci prezidentin karonavirusa yoluxmasına münasibət bildirmişdi. İnfeksionstin sözlərinə görə, amerikalı liderin xəstəliyə yoluxması onu qəti təəccübləndirməyib. 
 
Həkim bunu Trampın görüşlərə maskasız çıxmasıyla əlaqələndirib, belə halda yoluxmaq riski böyükdür. 
 
2 oktyabrda Donald Trampın, xanımı Melaniya Trampın və Ağ Evdən olan bir neçə rəsminin karonavirusa yoluxduğu məlum olmuşdu. 
 
Onlar artıq xəstəlikdən qurtulublar.