Tomas de Vaal: "Rus sülhməramlılarının gətirilməsi Azərbaycan üçün düzgün addımdır"

Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanan bəyanata baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Qarabağın "müstəqilliyinin” beynəlxalq səviyyədə tanınması üçün işləri davam etdirəcəyini deyib. Üstəlik, Paşinyan bu istiqamətdə səyləri davam etdirmək üçün daha ciddi səbəblərinin olduğunu bəyan edib.
 
Amerikanın "Karnegi Avropa Fondu” analitik mərkəzinin baş elmi əməkdaşı, politoloq Tomas de Vaal Azərbaycan mətbuatına müsahibəsində Ermənistan baş nazirinin bu sözlərindən təəccübləndiyini və bu fikirlərin reallıqdan çox uzaq olduğunu bildirib ("Media.az", 13 noyabr).
 
"Rusiya qoşunlarının girişinə gəldikdə, mənə elə gəlir ki, Bakı ilə Moskva arasında bu barədə uzun danışıqlar aparılıb. Gəlin "Lavrov planı”nın ən azı bir neçə il müzakirə olunduğunu xatırlayaq. Burada mövcud kampaniyanın hərbi nəticələri barədə danışmaq lazımdır. Şuşanın götürülməsi elə bir miqyaslı hadisədir ki, Azərbaycan sonda Rusiya sülhməramlılarının iştirakına icazə verə bilər. Burada başqa bir çox vacib məqam var. Dağlıq Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinə məhz Rusiya hərbçiləri məsuldur. Bakının bu barədə əlavə baş ağrısı olmayacaq. Beləliklə, Rusiya sülhməramlılarının gətirilməsinə razılıq Azərbaycan hökuməti üçün qəbul edilən və düzgün addımdır. Bundan başqa, beş il sonra bu qoşunların mövcud mandatına veto da qoyula bilər. Hesab edirəm ki, bu, Azərbaycanın və Prezident İlham Əliyevin mübahisəsiz qələbəsidir. Artıq yeni siyasi reallıqda Azərbaycan liderinin şərtlərini diktə etmək hüququ var. Türkiyə hərbçiləri barədə ayrıca danışmağa dəyər. Onlar olacaqlar. Bəli, bəlkə də Dağlıq Qarabağın özündə deyil, digər bölgələrdə - yaxınlıqda və bu çox vacibdir". - Tomas de Vaal deyib.
 
Ekspert Ermənistanın baş naziri Nikol Paşinyanın hazırda Dağlıq Qarabağın "müstəqilliyini” tanımaq üçün daha çox əsas olduğu barədə qəribə açıqlamasına şərh verərkən, bunu həqiqətən qəribə hesab etdiyini deyib:
 
"Münaqişə zamanı Nikol Paşinyan daxili auditoriya üçün çox açıqlamalar verdi. Xarici dünyanın da onu dinlədiyini isə düşünmürdü. Ermənistanın baş naziri xalqını hazırlamadı, erməni qoşunlarının dağılmaq üzrə olduğu barədə xəbərdar etmədi. Bütün bunlar ona qarşı böyük bir etiraz dalğasına səbəb oldu. Nikol Paşinyanın Qarabağın tanınması ilə bağlı açıqlamasına qayıdaraq deyə bilərəm ki, reallıq dəyişib və bu reallıq Ermənistanın baş nazirinin, yumşaq desək, hazırkı ritorikasına uyğun gəlmir".