Tofiq Yaqubluya dəstək aksiyası keçirən məhbusun döyüldüyü bildirilir

AXCP üzvü ona təzyiq olunduğunu deyib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından Zamin Salayevin saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində döyüldüyü deyilir. AXCP-dən Meydan TV-yə verilən məlumatda bildirilir ki, Z.Salayev özü sentyabrın 17-də ailə üzvlərilə telefonla danışanda təzyiqə məruz qaldığını xəbər verib. Z.Salayev bu haqda danışanda telefon əlaqəsi kəsilib.

Z.Salayev 16 gündür aclıq edən siyasi fəal Tofiq Yaqubluya dəstək olaraq, sentyabrın 15-dən eyni aksiyaya başladığını bəyan edib.

“Ailə üzvlərinə də deyib ki, təzyiqə məruz qalmasının səbəbi Tofiq Yaqubluya dəstək olaraq, aclığa başlamasıdır. Bildirib ki, sentyabrın 15-də aclığa başlayandan hər gün cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalır, döyülür”, - deyə partiyadan bildirilib.

Penitensiar Xidmət həbs yerlərində saxlanılan şəxslərə qarşı təzyiqlər barədə məlumatları təkzib edir. Bütün məhkumların qanunda nəzərdə tutulan hüquqlarının təmin edildiyi iddia olunur.

AXCP Salyan şöbəsinin üzvü olan Z.Salayev bu il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

H.Əzizov həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda H.Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edir.

Video yayılandan sonra Z.Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.

İnzibati həbsdən sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Daha sonra H.Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın H.Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, qarşı tərəfin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.