Tofiq Yaqublu qızına nə deyib?

Paytaxtın Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanan müsavatçı, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubludan yeni xəbər var.

Tofiq Yaqublu Milli Şuranın oktyabrın 19-u Bakının mərkəzində keçirdiyi sanksiyasız aksiyada tutularaq 30 sutka inzibati həbs cəzası alıb.

Oktyabrın 23-də Tofiq Yaqublunun qızı, Müsavat Məclisinin üzvü Nigar Həzi atasına baş çəkib. Novator.az-ın məlumatına görə, Nigar Həzi özünün “Facebook” səhifəsində yazır ki, atasını şüşə arxasından görə bilib, görüşləri 5 dəqiqə çəkib: “Atamın üzündə işgəncənin əlamətləri qalır. Qabırğasının bərk ağrıdığını bildirdi. Sağ qolu da çox ağrıyır. Qolunu qaldıra bilmir.

Dedi onu tutub Nəsimi Rayon Polis İdarəsinə aparandan sonra qollarını arxadan rezin qandalla bağlayıb yuxarı dartıblar və 1 saat təpiklə, yumruqla döyüblər. Döyə-döyə tələb ediblər ki, de səhv eləmişəm, imtina edirəm mübarizədən. Atam razılaşmadıqca onu daha bərk döyüblər”.

Nigar Həzi eyni məntəqədə saxlanan yoldaşı Seymur Həzi ilə görüşə icazə verilmədiyini əlavə edib.

AXCP funksioneri, jurnalist Seymur Həzi Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirdiyi etiraz aksiyasından qabaq – oktyabrın 17-də tutulub. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs verilib.

1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb. 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.