Tofiq Yaqublu aclığı dayandırmayacaq – vəkil

Tofiq Yaqublu ötən şənbə günü İstintaq Təcridxanasından “City Hospital”a köçürüldükdən sonra bazar ertəsi vəkil Elçin Sadıqov onun yanına buraxılıb.

Onun sözlərinə görə, Yaqublu 13 gündür aclıq edir və hələ də reanimasiyadadır.

“T.Yaqublunun səhhəti yaxşı deyil. Uzanmışdı, çox halsız idi. Müalicə aparılmır, sadəcə su vururlar.  Aclıq aksiyası keçirdiyi üçün qidalandrıcı preparatlara özü icazə vermir. Proses professor Adil Qeybullanın nəzarəti altındadır”, deyən Sadıqov əlavə edib ki, Yaqublu azad edilməsi tələbi yerinə yetirilənə qədər aclığı davam etdirəcək.

Yaqublu məcburi qidalandırıla bilər?

Bu suala cavabda vəkil deyib ki, aclıq edən şəxsin huşu yerindədirsə onu məcburi qidalandırmaq olmaz. “Amma huşunu ititirəsə, o zaman “Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında” qanunun 42-ci maddəsinə əsasən məcburi qidalandırıla bilər”.

Vəkil qeyd edib ki, hələ sentyabrın 7-də apellyasiya şikayəti verilməsinə baxmayaraq, indiyədək şikayət Nizami rayon məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinə göndərilməyib. Bu gün vəkil bir daha Nizami rayon məhkəməsi ilə əlaqə salayıb, amma vəziyyət dəyişməyib.

Yaqublunun səhhətini nəzərə alaraq, müdafiə tərəfi şikayətin məhkəməyə tez göndərilməsini istəyir.

Siyasətçinin qızı Nigar Həzi də atası ilə görüşmək istəyir, amma onu Yaqublunun yanına buraxmırlar. Bununla əlaqədar o, ombudsmana müraciət edib.