Tələbələr “güzəşt” deyir, LDU “gözlə”

Lənkaran Dövlət Universitetinin tələbələri imtahanlarda güzəşt olunmamasından narazıdırlar. Universitetin üçüncü kurs tələbəsi Samir Axundzadə bu barədə Toplum TV-yə danışır. 
 
Tələbə bildirir ki, onlayn dərslər mayın əvvəlindən başlasa da, onlardan kollokviumda iştirak etməyi tələb edirlər: "Bizə əvvəlcədən deyildi ki, "Microsoft teams” ilə distant təhsil keçiriləcək. Biz də qeydiyyatdan keçdik. Onlayn dərslər də bizə hardasa mayın əvvəlindən başladı keçirilməyə. İmtahan sessiyası bizdə belə olmalı idi, kollokviumlar iyunun 1-dən iyunun 10-a qədər keçiriləcəkdi və bu kollokviumdan yığılan ballar, məsələn, 50 balla götürüləcəkdi. Bir kollokvium olacaqdı və həmin kollokviumda üç sual veriləcəkdi. Çətin və orta suallara 20 bal, asan suala isə 10 bal veriləcəkdi və 50 bal imtahana giriş balı olacaqdı. Yəni imtahana giriş balı müəyyən olunandan sonra imtahanlar keçiriləcəkdi”. 
 
Samir Axundzadə deyir ki, imtahanın necə keçirilməsi haqqında öncədən dekanlıqdan məlumat verilsə də, sonradan qərarın iyunun 1-də veriləcəyi bəyan edilib: "Demişdilər ki, bizə suallar veriləcək, biz də A4 kağıza yazıb, şəklin çəkib göndərəcəyik onu dekanlığa, müəllimlər də onu yoxlayacaq. Amma tələbələr imtahanın belə keçirilməsinə razı deyildi, tələbələr bildirirdi ki, belə qayda yoxdur. Digər universitetlərdə, məsələn, Aqrar Universitetdə ləğv etdilər imtahanı, Bakı Dövlət Universitetində bəzi güzəştlər edildi. Amma Lənkaran Dövlət Universitetində hələ də güzəştlər edilmir. Bu universitet deyir ki, güzəşt ediləcək, amma biz bu qərarı iyunun biri verəcəyik. İyunun 1-də qərar veriləcək, amma mayın 25-dən 28-ə qədər bizə deyilib ki, kollokviumlar üçün qeydiyyatdan keçməlisiz. Tutaq ki, biz 28 mayda qeydiyyatdan keçdik, amma bir iyunda qayda dəyişdi. Ona görə də bəzi uşaqlar qeydiyyatdan keçməyib, universitetin qərar verməsini gözləyir. Azərbaycanda yeganə universitetdir ki, tələbələrə güzəşt etmir”. 
 
Tələbə deyib ki, artıq kollokviumun keçirilmə vaxtını da təyin ediblər: "Bizim şəxsi kabinetimizə kollokviumların vaxtları var. Axrıncı şəkillərdə kollokviumun keçirilmə vaxtını da təyin ediblər. Yəni artıq hətta kollokviumun vaxtlarını da təyin ediblər, amma bizə deyirlər ki, hələ qərar iyunun 1-də veriləcək".
 
Samir Axundzadənin iddiasına görə, prorektor universiteti tənqid edənləri təhdid edir: "Eşitmişəm ki, prorektorumuz deyib ki, əgər kimsə bizim universitet adından nəsə desə, tənqid edənlər olsa, onlar  üçün heç də yaxşı qurtarmayacaq. Üstəlik deyib ki, sentyabrda görüşəcəyik sizinlə, onda əvəzini çıxarıq. Amma dəqiq bilmirəm, belə söz olubmu”.