Terror hadisəsindən 10 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) korpuslarının birində (təzə bina-R) qətliamdan 10 il ötür.
 
İstintaq materiallarına əsasən, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov səhər saat 9:30 radələrində Dövlət Neft Akademiyasının 2-ci tədris binasına daxil olaraq qarşısına çıxanları güllələyib. 12 nəfəri öldürüb, 15 nəfəri yaralayan F.Qədirov daha sonra baş nahiyəsinə atəş açaraq özünə qəsd edib.
 
Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
 
Məhkəmə bu cinayət işində adları keçən Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanovu ömürlük, Ariz Qabulovu isə 11 il müddətinə azadlıqdan məhrum edib.
 
Həmin 4 nəfər məhkəmə prosesində istintaq zamanı onlara işgəncə verildiyini bildiriblər. Ancaq Azərbaycan rəsmiləri istintaq təcridxanaları və cəzaçəkmə yerlərində işgəncələrlə bağlı şikayətləri, bir qayda olaraq, qəbul etmirlər.