Təbrizdə Qarabağ şəhidi Şəhid Maarif Səfərovun xatirəsi anılıb

 

Xəbər verdiyimiz kimi, İran İslam Cümhuriyyəti Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbriz şəhərində II Qarabağ Müharibəsinin şəhidi ilahiyyatçı Şəhid Maarif Səfərovun şəhadətinin ilk ildönümü münasibətilə anım mərasimi keçirilib. 

Giperssilka.ru xəbər verir ki, şəhidin təhsil aldığı Təbriz mədrəsəsində Şəhid Maarifin ustadları və tələbə yoldaşlarının iştirakı ilə baş tutan mərasim tələbə Vurğun Əliyevin tilavətində müqəddəs Quran ayələrilə açılıb. Mərasimin moderatoru Kərbəlayi Musa Hüseynzadə şəhid haqqında qısa məlumat verdikdən sonra şəhidin həyatına həsr edilmiş videoklip nümayiş olunub.  

Şəhidin Maarifin tələbə və hücrə yoldaşı, eyni zamanda həmkəndlisi Kərbəlayi Şəhriyar Əkbərov şəhid barədə xatirələrini bölüşərək, Şəhid Maarifin mömin və nümunəvi tələbə kimi xüsusiyyətlərindən danışıb. 

Mərasimin davamında Təbriz mədrəsənin rəhbərin dr. Mehdi Bəxtavər mərasim iştirakçıları qarşısında çıxış edib, gerçək mömin kimi Şəhid Maarifin timsalında  möminlərin sifətlərinə toxunub. Dr. Bəxtavər Quranda və rəvayətlərdə bu barədə tövsiyyələri açıqlayıb. 

"İnsan Allahla bir vədə bağlayıb, gərək onsa sadiq olaq. Bu vədə də hələ insan dünyaya gəlməmiş Zərr aləmində ondan alınan əhddir ki, bu əhdi Xaliqlə hamımız bağlamışıq. Allah-Təala bununla bizim hər birimizdən belə bir vədə alıb ki, bu da hamımızın fitrətində var. Hər varlıqda bu fitrət var və gərək ona sadiq olaq. Belə əhdlərdən biri də şəriətdir və gərək insan ona da sadiq qala", - 

deyə çıxışı zamanı dr. Bəxtavər bildirib. Çıxışının davamında xətib bu barədə olan Quran ayələrini diqqətə çatdırıb. 

Anım mərasimi Əhli-beyt (ə) məddahları Həsən Mustafayi və Əli Əlizadənin nöhə və mərsiyyələrilə yekunlaşıb.