Taliban həzarələrin yaşadığı Bəlxab rayonuna hücuma keçib

 Talibanın həzarə liderlərindən olan Mövləvi Mehdi hərəkata qarşı üsyana qalxıb. Hərəkat bundan sonra Bəlxab istiqamətində böyük hərbi qüvvə göndərib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin qüvvələri bu gün bir neçə istiqamətdən Bəlxab rayonu istiqamətində irəliləməyə çalışıblar.

Bəlxab rayonundan yerli mənbələrin məlumatına görə Taliban itki verərək geri qayıtmalı olub.

Bundan öncə Taliban həzarə liderlərindən olan Mövləvi Mehdinin və tərəfdarlarının üsyanını yatırtmaq üçün Bəlxab rayonuna böyük hərbi qüvvə göndərmişdi. Bu qüvvələr bir həftədən artıqdır ki, rayonun giriş çıxışlarını mühasirəyə almaqdadırlar.

Özünü Taliban sıralarında həzarələrin lideri kimi təqdim edən Mövləvi Mehdi pəştun əsilli komandirlərin ölkənin şimalına göndərilməsinə etiraz edir.