Taleh Bağırzadə aclıq aksiyasının məqsədlərini açıqlayıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Müsəlman Birliyi Hərəkatının  (MBH) lideri Tale Bağırzadə 12 saylı koloniyada 13-cü gündür aclıq aksiyası keçirir.

Dekabrın 8-də Bağırzadəyə həyat yoldaşı Leyla İsmayılzadə və MBH-nin idarə heyətinin üzvü Ağaəli Yəhyayev cəzaçəkmə müəssisəsində baş çəkib.

MBH-dan  Turan-a bildiriblər ki, aclıq aksiyası nəticəsində səhhətinin  zəifləməsinə baxmayaraq, Bağırzadə aksiyanı davam etdirmək niyyətindədir.

Bağırzadə eyni zamanda qeyd edib ki, mediada onun aclıq aksiyası bir qədər yanlış işıqlandırılıb.

O vurğulayıb ki, aclıq aksiyasının məqsədi heç  də başqa cəzaçəkmə müəssisəsinə  köçürülməyə nail olmaq deyil.

B.Bağırzadə bildirib ki, bütün həbsxanalarda  vəziyyət  təqribən eynidir və başqa yerə köçürülməyin mənası yoxdur. “Tale Bağırzadə aclıq aksiyası keçirərkən Azərbaycan həbsxanalarında məhbuslara qarşı kobud, pis, bəzən də isə  qeyri-insani rəftara diqqət çəkmək istəyir. Deyir ki, əgər onunla, ilahiyyatçı ilə belə rəftar olunursa, onda başqa məhbuslara  necə münasibət  ola bilər”, - deyə MBH-dan bildiriblər.

* Bağırzadə noyabrın 26-da Qobustan həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra aclıq aksiyasına başlayıb. O müəssisənin rəis müavini tərəfindən təhqir olunduğunu deyib.

** Bağırzadə 2015-ci ildə Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs edilib və terrorçuluq, konstitusiya quruluşunu dəyişdirməyə cəhd, qanunsuz silahlı birləşmə yaratmaq və s. ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib. O, siyasi məhbus kimi tanınıb.