Tale Bağırzadənin Milli Şuradan istefa verməsi rəsmi olaraq təkzib edildi - Açıqlama

Müsəlman Birliyi Hərəkatının sədr əvəzi Elçin Qasımov rəsmi Facebook səhifəsində Tale Bağırzadə ilə bağlı yayılan iddialara münasibət bildirib.

 

Operativ.tv Elçin Qasımovun fikirlərini olduğu kimi təqdim edir:

 

"Müsəlman Birliyi Hərəkatını sevən, dəstəkləyən hər bir kəs bu təşkilatın öz əqidəsinə sadiqliyini, ədalət prinsipini əsas ana xətt kimi müəyyənləşdirdiyini, milli-mənəvi, İslami dəyərlər uğrunda mübarizə apardığını yaxşı bilir. 2015-ci ildə ağır represiyalara məruz qalan Hərəkatın haqlı olaraq müdafiəsinə qalxan və sonacan hüquqlarını müdafiə edən məlum şəxslərə hər zaman minnətdar olduğunu, çətin günlərdə müxtəlif maneələrə baxmayaraq yanımızda olub, bizə dəstək nümayiş etdirən insanlara vicdan borcumuzun olduğunu dəfələrlə bəyan etmişik.
Bütün bunlarla yanaşı MBH nin tam müstəqil bir təşkilat olduğunu, bütün qərarlarının İdarə Heyəti tərəfindən, ədalət prinsipinə uyğun verildiyini bir daha bəyan edirik. Ayrı-ayrı şəxslərin, təşkilat və birliklərin səsləndirdiyi, milli və dini dəyərlərimizə zidd olan fikirlərin həmin şəxslərə, təmsil etdikləri birlik və təşkilatlara məxsus olduğunu, bu fikir və münasibətlərin nə Müsəlman Birliyi Hərəkatına, nə də onun sədrinə aid olmadığını bir daha bütün əzizlərin nəzərinə çatdırırıq.

Müsəlman Birliyi Hərəkatı tam müstəqil fikir və düşüncələrini bəyan edən və heç bir qurum və birlikdə olmayan, düzə düz, əyriyə əyri deməyi bacaran, hər zaman xalqına xidmət üçün çalışan bir təşkilatdır.

Dostların nəzərinə çatdıraq ki, Hərəkatın lideri Tale Bağırzadə 2013-cü ildə hələ MBH təsis olunmamışdan öncə Milli Şuraya dəstək verib və bu gün də dəstək verməkdədir. Adından yayılan Milli Şuranı tərk etmək məsələsi təmamilə yalan məlumatdır. Tale Bağırzadə hər kəsin bu günlərdə Milli Şuraya qarşı hücüma keçdiyi bir dönəmdə qurumu tərk etməyinin düzgün olmadığını, bu addımının ədalətsiz olacağını bildirdi. Müsəlman Birliyi Hərəkatının bütün üzvlərinə səbirli olmağı, sevənlərinə anlayış göstərdiklərinə görə minnətdarlığını bildirdi.

Allahın salamı olsun sizlərə".