Tale Bağırzadə Tofiq Yaqublunun həbsindən yazdı

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Tofiq Yaqublunun saxlanılmasına və həbsinə münasibət bildirib.

Tale Bağırzadənin yaxınları onun fikirlərinin əks olunduğu məktubu ictimaiyyətə açıqlayıblar.

Operativ.tv məktubu olduğu kimi təqdim edir:

"Tofiq Yaqublu yenidən sıralarımıza qoşuldu. Bilmirəm buna görə sevinim, yoxsa üzülüm, yaxud kədərlənim?! Əlbəttə hər bir hissimin özünəməxsus səbəbləri var. Ancaq bir həqiqəti çox dəqiq bilirəm ki, istibdad rejminin təhdid və təzyiqi altında kölələşdirilən bir millətin öndə gedən isimləri, ziyalıları, agah insanları susmayaraq həbsxanaları, daha doğrusu kiçik məhbəsləri öz həyat tərzlərinə çevirməyincə, millətin nə xilasa, nə də böyük zindanlardan qurtuluşuna heç bir ümid yeri yoxdur. Məhz bu istiqamətdə illərcə həbslərə, işgəncələrə rəğmən qətiyyətli duruşuna, ardıcıl və davamlı mübarizəsinə görə Tofiq bəyə xüsusi təşəkkürümü bildirirəm. Kiçik həbsxanaya xoş gəldin bəy! Tanrı, xalqımı özündən başqa heç kimə qul etmə.