Səudiyyə ərəbistanlı ekspert: Neftin qiyməti 100 dolları keçəcək

Səudiyyə Ərəbistanının Dövlət İqtisadiyyat Assosiasiyasının tanınmış üzvü Süleyman əl-Əssaf OPEK+ təşkilatının hasilatın azaldılması qərarından sonra neft qiymətlərinin 100 dolları keçəcəyini deyib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Səudiyyə ərəbistanlı ekspert bunu Sputnik.Arabic-ə açıqlamasında deyib.

Səudiyyə Ərəbistanında tanınmış maliyyə və iqtisadi müşavir neft hasilatını azaltmaq istiqamətində “OPEC+” qərarının nəticələrindən danışıb və bildirib ki, qara qızılın bir barelinin qiymətinin 100 dolları keçəcəyi gözlənilir.

O, hasilatı azaltma qərarının Konqres üzvlərinin seçkilərindən öncə olduğunu vurğulayaraq, qeyd edilən qərarın ən çox ABŞ-ı qəzəbləndirəcəyini deyib.

Ekspert, Vaşinqtonun “NOPEC” qanunundan təşkilata üzv dövlətləri cəzalandırmaq üçün istifadə edəcəyi ehtimalına da diqqət çəkib.

Qeyd edək ki, 2007-ci ildə qəbul edilən “NOPEC” qanunu Vaşinqtona neftin qiymətini artırmaq üçün məkrli plan iddiası ilə bir qrup neft istehsalçısına qarşı iş açmağa imkan verən qanun layihəsidir.

Əl-Əsaaf hesab edib ki, hasilatın azaldılması qərarından sonra Vaşinqton neftə alternativ tapmaqda çox çətinlik çəkəcək, xüsusən də 23-dən çox ölkənin daxil olduğu “OPEC” və “OPEC+” təşkilatları dünyada neft hasilatına nəzarət edir.

Ötən gün “OPEC+” alyansına üzv ölkələr nazirlər komitəsinin tövsiyəsindən sonra kollektiv hasilat limitini gündə iki milyon barel azaltmağa rəsmi razılıq veriblər.