Səudiyyə Ərəbistanının neft gəlirləri iki dəfə artıb

Aramco şirkətinin hökumətə ödədiyi nağd dividendlərin məbləğində dəyişiklik olmamasına baxmayaraq, Səudiyyə Ərəbistanının neft gəlirləri bu ilin ikinci rübündə demək olar ki, iki dəfə artıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu həftə açıqlanan maliyyə hesabatları “Saudi Aramco” ötən ilin eyni dövründəki 35 milyard dollardan şirkətin 94 faizinə sahib olan hökumətə 65 milyard dollardan çox pul ödədiyini göstərir. Bu ödənişə nağd dividendlər, gəlir vergisi və neft hasilatı royaltiləri daxildir.

Səudiyyə Ərəbistanının iqtisadiyyatını şaxələndirmək səylərinə baxmayaraq, xam neft ölkənin ən böyük gəlir mənbəyi olaraq qalır. Neft qiymətlərinin artması Səudiyyə Ərəbistanına on ildə ilk dəfə olaraq Aramco-dan nağd dividend ödənişlərini artırmadan büdcə artımı əldə etməyə kömək etdi.

2020-ci ilin yanvar ayında tətbiq edilən sistemə əsasən, Aramco Brent markalı neftin bir barelinin qiyməti 100 dollardan yuxarı olduqda 80% royalti və 70-100 dollar arasında olan neft qiymətləri üçün 45% royalti ödəyir. Rusiyanın Ukraynaya hücumundan sonra fevralın sonunda Brent markalı neftin bir barelinin qiyməti 100 dolları keçib və iyulun sonuna kimi bu səviyyədə qalıb. Bu da ölkənin neft gəlirlərinin yüksəlməsinə səbəb olub. Bir çox ekspertlərin fikrinə görə Səudiyyə Ərəbistanı hakimiyyəti bu və sair səbəblərdən Qərbin Rusiya neftinin alternativini təmin etmək məqsədilə hasilatı artırmaq kimi planlarının əleyhinədir.