Səudiyyə Ərəbistanının naziri OPEC-in öz strategiyasını davam etdirəcəyini açıqladı

Eastnews.org-un verdiyi xəbər görə, Səudiyyə Ərəbistanın energetika naziri şahzadə Əbdüləziz bin Salman bəyan edib ki, OPEC qlobal neft bazarında sabitliyin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi strategiyanı dəyişməyəcək.   Məlumata əsasən, səudiyyəli nazir “Aşarq” telekanalına müsahibəsində neft hasilatçısı ölkələr arasında əldə olunmuş konsensusun qlobal neft bazarında sabitlik yaratdığını deyib. O əlavə edib ki, xam neftin qiymətinin artması fonunda hasilatı azaltmaq düzgün deyil və bu, əlavə problemlər yarada bilər. Nazirin sözlərinə görə, hazırda bir çox ölkələrdə mövcud olan təbii qaz qıtlığı, habelə elektrik enerjisi təchizatında yaranmış çətinliklər son illər energetika sektoruna qoyulan sərmayələrin azalması ilə əlaqədardır.   Əbdüləziz bin Salman qeyd edib ki, onun ölkəsi 2050-cı ilədək karbon emissiyasını sıfır həddə endirmək və “yaşıl iqtisadiyyata” nail olmaq niyyətindədir. “Lakin yeni strategiya ənənəvi neft sektoruna qoyulan sərmayələrin həcmini azaltmayacaq. Karbon qazı emissiyasının azaldılması neftdən istifadəyə əhəmiyyətli təsir etməyəcək. Belə ki, dünyada enerjiyə tələbatın artdığı bir şəraitdə müxtəlif mənbələrə ehtiyac olacaq. Neftin və təbii qazın istifadəsi aktual olaraq qalacaq”, - deyə səudiyyəli nazir vurğulayıb.   Səudiyyə Ərəbistanının naziri deyib ki, dünya iqtisadiyyatı üçün ən mühüm amillər enerji təhlükəsizliyi, qlobal neft bazarında sabitliyin qorunması və bu sektora yeni sərmayələrin cəlb edilməsidir.