Səudiyyə Ərəbistanı və Qətər arasında həcc krizisi davam edir

Qətər ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi körfəz ölkələri arasında gərginlik davam edir.

Bu barədə Reuters məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanının aviasiya şirkəti Doha Hava Limanından lazımi icazəni ala bilmədiklərini qeyd edib. Şirkət bu səbəblə Qətər vətəndaşlarını Səudiyyə Ərəbistanına aparmaq üçün təyyarə göndərmədiyini bildirib.

Keçən həftə Səudiyyə Ərəbistanı qətərli hacılara kömək edəcəyini və bağlanmış Qətər sərhədini açacağını açıqlamışdır. Kral Salman da əmr verərək, Qətərə təyyarə göndərilməsini istəmişdi.

Ancaq Qətər Aviasiya İdarəsi (CAA) iddiaları təkzib etmiş, icazə müraciətinin əvvəlki illərdə olduğu kimi onlara yox, Qətərin Həcc Nümayəndə Heyətinə göndərilməli olduğunu xatırlatmışdır.