Sudanda çevriliş edən hərbçilər baş nazirin saxlanıldığı yeri açıqlayıblar

Sudanda çevriliş edən general Əbdülfəttah əl-Burhan baş nazirin səhhətinin qaydasında olduğunu bildirib və onun saxlanıldığı yeri açıqlayıb.

SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, çevrilişdən sonra ilk dəfə olaraq media qarşısına çıxan general Əbdülfəttah əl-Burhan bildirib ki, baş nazir Abdullah Hamduk onun evindədir və səhhəti normaldır.

Çevrilişi həyata keçirən general bu gün ya sabah sabiq baş nazirin sərbəst buraxılacağını deyib.

Qeyd edək ki, “Sudanın Ali Suverenlik Şurası”nın sədri general Əbdülfəttah Burhan ötən gün ölkədə hökumətin buraxıldığını və komendant saatının tətbiq edildiyini bildirib. Məlumata görə Sudanın baş naziri də daxil olmaqla hökumətin bir sıra rəsmiləri saxlanılıblar.

Ötən və bu gün ölkədə etirazlar zamanı hərbi qüvvələrin atəş açması nəticəsində azı yeddi nəfər ölüb və 90-dan çox yaralanıb.

Xatırladaq ki, bundan öncə Avropa, ABŞ, Afrika Birliyi və sair beynəlxalq tərəflər Sudanda hərbçilərin çevrilişini pisləyib, həbs edilən hökumət rəsmilərinin buraxılmasını tələb ediblər.

Eyni zamanda ABŞ Dövlət Katibliyi Sudana dəstək məqsədilə nəzərdə tutulmuş 700 milyon dollarlıq yardımın verilməsi prosesinin dayandırılması barədə məlumat yayıb.