“Şərəf və ləyaqətin müdafiəsi qətiyyən polisin səlahiyyət yurisdiksiyasına aid deyil”

Vəkil: “İnternetdə yayılan mətnin təhqir olub-olmadığını müəyyənləşdirmək heç hakimin də səlahiyyətində olan məsələ deyil”

Bakının Yasamal rayonundakı binalardan birində polislər üçün mahnı oxuyub, onlara gül atan şəxslərin əslində, qonşu yox, gerçək müğənnilər olduğu üzə çıxandan sonra sosial şəbəkələrdə bu yalana görə tənqidi fikirlər yayıldı. İyunun 27-də məlum olub ki, daxili işlər orqanları müğənniləri tənqid edənləri cəzalandırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib ki, sözügedən müğənniləri sosial şəbəkələrdə aşağılayan, onların şərəf və ləyaqətlərini təhqir edənlər müəyyənləşdirilib.

“Həmin şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində nazirliyin aidiyyəti qurumları tərəfindən müvafiq tədbirlər başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların şəxsiyyətləri müəyyən edilərək saxlanılıblar. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə onların hər biri barəsində protokol tərtib edilərək yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslərin əksəriyyəti barəsində inzibati həbs olunub, bəziləri isə cərimələniblər”, - nazirliyin sözçüsü “Report”a bildirib.

E.Zahidov müğənnilərə görə məsuliyyətə cəlb olunanların hansı maddə əsasında cəzalandırıldıqlarını deməyib. Meydan TV-nin araşdırmaları nəticəsində məlum olub ki, cəzalandırılanların əksəriyyəti AXCP, Müsavat kimi müxalif partiya təmsilçiləri və ictimai fəallardır. Paytaxtla yanaşı, bölgələrdə də bu məsələyə görə saxlanılanlar var. Onlar İnzibati Xətalar Məcəlləsinin 388-1 (internetdə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsilə cəzalandırılıb.

 

İndiyədək ölkədə təhqir və böhtana görə cəzalandırmaq işinə məhkəmələr baxırdısa, artıq polis orqanları da rəsmən bununla məşğul olmağa başlayıb. Son olayları təhlil edən hüquqşünaslar Daxili İşlər Nazirliyinin bu yanaşmasının qorxulu tendensiyaya yol aça biləcəyini düşünür.

Qanunların ikili standartlarla tətbiqi

Vəkil Aqil Layıc deyib ki, şərəf və ləyaqətin müdafiəsi qətiyyən polisin səlahiyyət yurisdiksiyasına aid deyil. Vəkilin sözlərinə görə, bu ya mülki qaydada, ya da xüsusi ittiham qaydasında məhkəmələr vasitəsilə həll edilən məsələdir:

“Digər tərəfdən, həmin şəxslər karantin qaydalarını kobud şəkildə pozublar. 10 nəfərdən artıq adamın bir yerə toplaşması rəsmən qadağan edilib. Bunlar isə toplaşıblar, maskasız, ara məsafəsi saxlamadan dönər-kola ilə şəkil çəkdirib, hələ yayıblar da. Amma Daxili İşlər Nazirliyi onların karantin rejimi qaydalarını pozmasına sakit qalıb və bu da təəssüf doğurur. Qanunların ikili standartla tətbiqini bir daha sübut edir”.

 

 

“Bu gün ifadə azadlığını boğmağa hüquqi baza yaradılırdı”

Hüquqşünas Yalçın İmanov hesab edir ki, bu gün baş verənlərin kökünü ölkədə ifadə azadlığını məhdudlaşdıran qanunlarda axtarmaq lazımdır. Onun fikrincə, bir “İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında” qanunun qəbulu, daha sonra ona edilən bir sıra dəyişikliklər bu gün baş verənlərə hüquqi baza yaratmaq cəhdi idi. Bu üzdən yerli və beynəlxalq təşkilatlar, ekspertlər qanuna edilən dəyişiklikləri qınayır, onun istər Konstitusiyaya, istərsə də İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasına zidd olduğunu bildirirdilər.

“Bu, həmin qanundur ki, 2017-ci ilin mayında ona əsaslanıb, ölkədə bir sıra saytlara girişi məhdudlaşdırdılar. Gördülər ki, təkcə saytlar kifayət deyil, 2017-ci ilin dekabrında qanuna “informasiya-telekommunikasiya şəbəkəsində” ifadəsini də əlavə etdilər. Sosial şəbəkələr nəzərdə tutulurdu. Bu qanunun 13-cü maddəsində yayılması qadağan edilən məlumatların siyahısı göstərilib, onların sırasında təhqir və böhtan da var. İnzibati Xətalar Məcəlləsinin 388-1 maddəsində də “internet informasiya ehtiyatı” ilə yanaşı, həm də “informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi”ndən söhbət gedir. Bu qanunlara dəyişiklik edə-edə bugünkü vəziyyətə zəmin yaradıldı. Qanunlara edilən dəyişikliklər Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasıyla bağlı davamlı tədbirlər idi”.

 

 

Y.İmanovun sözlərinə görə, ölkədə ifadə azadlığı o qədər dar çərçivəyə salınıb ki, istənilən tənqid belə, bu qanunlar çərçivəsində cəzalandırıla bilər: “Halbuki, ictimai diqqət cəlb edən hadisələr mütləq müzakirə olunmalı, həmin müzakirələr də ifadə azadlığı çərçivəsində qoruna bilər. Tanınmış simalar, ictimai-siyasi fiqurlar tənqidə daha dözümlü olmalıdır. Bunu mən yox, Avropa Məhkəməsinin qərarları deyir”.

Y.İmanov bildirir ki, internetdə yayılan mətnin təhqir olub-olmadığını müəyyənləşdirmək nəinki polisin, heç hakimin də səlahiyyətində olan məsələ deyil. Hüquqşünas vurğulayıb ki, indiyə qədər məhkəmə praktikasında hakim belə işlərdə qərar verəndə belə, mütləq ekspert rəyinə əsaslanırdı: “Hakim ekspertiza keçirilməsi haqda qərar verib. Ekspert də rəy verir ki, mübahisəyə səbəb olan mətndə təhqir, böhtan məzmunlu ifadələr varmı, nədən ibarətdir. O rəy əsasında iddia təsdiqini taparsa, şəxs bundan sonra cəzalandırıla bilər”.

“Siyasi motivli həbslərdir”

Hüquq müdafiəçisi Samir Kazımlı da müğənniləri tənqid edənlərin həbsinin siyasi motivli olduğunu bildirib. Onun fikrincə, tənqidə görə cəzalandırma istər Azərbaycanın Konstitusiyası, istərsə də ölkənin qoşulduğu Avropa Konvensiyasıyla təminat verilən ifadə azadlığının pozuntusudur:

 

 

“Adamlar ifadə azadlığından istifadə etiklərinə görə həbsə atılıblar. Halbuki, onlar həmin ifaçıların hərəkətlərini bəyənmədikləri üçün tənqid ediblər. Hakimiyyət isə pandemiya dövründə növbəti dəfə repressiyalarla təkrar biabırçılığa imza atmış oldu. Sonra da əhalini qınayırlar ki, camaat onlara inanmır, qaydalara əməl etmir. Koronavirusa yoluxmaların və bu virusdan ölənlərin sayı atdığı bir vaxtda hökumət bunun qarşısını almaq əvəzinə, cəmiyyətdə qəzəb yaradan hərəkətlərlə məşğul olur. Əgər hakimiyyət hüququn aliliyini üstün tutursa, onda karantin qaydalarını pozuqları üçün həmin ifaçılara qarşı da tədbir görməlidir. O ifaçılardan biri “İnstagram”da onları tənqid edənləri təhqir və təhdid etmişdi. Bəs onun barəsində niyə tədbir görülmür?”