Sərdar Cəlaloğlu qardaşı ilə barışmaqdan İMTİNA EDİB: “Bir-birimizin xeyir işinə də getmirik”

“Qurban Məmmədovla 13 ildir ki, heç bir əlaqəmiz yoxdur.  Nə o məni arayır, nə də mən onu. Əvvəllər şəxsi münasibətləri yoluna qoymaq üçün bir-iki dəfə zəng edib, ancaq imtina etmişəm”.

Bu fikirləri Modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovla münasibətlərindən danışarkən deyib.

ADP sədri bildirib ki, münasibətlərin pozulmasına səbəb olan məqamlar mövcuddur:

“Mənə görə xüsusi düşüncə tərzi var ki,  qüsurlu davranışlara malikdir. Hərəkətləri və davranışları yanlışdır. Hətta yanlış davranışları ilə mənə çox ziyan vurub. Lap əvvəllərdə də partiyamız bu tərəfə gedəndə o başqa tərəfə gedirdi. Onun bütün məkrli və siyasi fəaliyyətini mənim adıma yazırdılar. Heç kimi bu işlərin arxasında olmadığıma inandıra bilmirdim.

Özünə də çox ziyan vurub. 3 dəfə həbs edilib. Həbs edilməsində də uzaqgörən olmaması, özünü müdafiə edə bilməməsi səbəb olub”.

Sərdar Cəlaloğlu toy və yas mərasimlərində də bir araya gəlmədiklərini söyləyib:

“Nə mən onun övladlarının toyunda, nə də o mənim övladlarımın toyunda iştirak edib. Ən yaxın adamlarımızın yasında belə məsafə saxlamışam”.