`Space TV`nin canlı efirində biabırçılıq; kanal cərimələndi

Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasını cərimələyib.

 

Rakurs.tv-nin məlumatına görə, bu barədə MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov mediaya açıqlamasında deyib.

 

O bildirib ki, televiziyanın cərimələnməsinə səbəb efirdə ədəbsiz sözlərin yayımlanması olub: “ “Space TV”nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunmasi ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülər böyük qalmaqal yaradıb. Belə ki, müğənni Rüfət Axundov fonoqram mahnı ifa edərkən səs rejissorunun mikrofonları bağlamaması biabırçı hadisənin yaşanmasına səbəb olub.

 

Səslərinin efirə getmədiyini düşünən Rüfət Axundov və Rəşad İlyasov mahnının sözlərini dəyişərək biabırçı və söyüş dolu ifadələr işlədiblər.

 

Hadisədən dərhal sonra görüntülər bir çox yerdən silinib. Hətta biabırçılığa görə "Space” telekanalında böyük problemlər yaşanıb.

 

Bundan sonra müğənni Rüfət Axundov sosial şəbəkədə video ilə bağlı açıqlama verərək, görüntülərin montaj edilidiyini deyib. Və son olaraq bildirib ki, efirdə elə bir hadisə baş verməyib.