Sosial şəbəkələr hakimiyyəti təşvişə salıb

“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”.

Bu fikirləri deputat Hadı Rəcəbli deyib. Deputat daha sonra “Ərəb baharı” sosial şəbəkələrin oynadığı böyük rola diqqət çəkib.
Hadı Rəcəblinin söylədiyi fikirlər heç də təəccüblü deyil. Bütün avtiritar rejimlər üçün həmişə mühüm diqqət göstərilən məsələlərdən biri də informasiya siyasətidir. Başlıca məqsəd əhalini hakimiyyətin maraqlarına xidmət edən mətbuat sisteminin mövcudluğudur. Hakimiyyəti olduqca ciddi şəkildə narahat edən məsələ sosial şəbəkələr vasitəsilə vətəndaşların obyektiv informasiya əldə etməsidir. Rejimin yüz milyonlarla maliyyə vəsaitini nəzarətində olan mətbuat orqanlarına xərcləməsi heç bir müsbət nəticə verməyib. Buna görə də Azərbaycan hakimiyyəti əhalinin başlıca informasiya qaynağı olan sosial şəbəkələrə qarşı ənənəvi qaydada-zorakı üsulla addımlar atmaq fikrinə düşüb. Xüsusi vurğulamaq lazımdır ki, Hadı Rəcəblinin bəyanatı onun şəxsi təşəbbüsü olmayıb, birbaşa hakimiyyətin ən yuxarı eşelonundan gələn sifarişdir.

Bütün korrupsioner rejimlər kimi, Azərbaycandakı rejim də vətəndaşıarın ölkədə olan maliyyə yeyintilərindən xəbər tutmasını istəmədiyindən tez-tez mətbuata qarşı onu boğmaq siyasəti aparır. Saytlar bloklanandan sonra hakimiyyət üçün başlıca başağrısı sosial şəbəkələr olduğundan bir deputatın dili bu istək ifadə olundu.

azadliq.org