Somalinin mərkəzində partlayışda yerli rəsmilər də daxil olmaqla 10 nəfər həlak olub

Somalidə Hirşabeli Regional Hökumətinin səhiyyə naziri Zəkəriyyə Məhəmməd Əhməd və Hiran əyalətinin qubernatorunun inzibati və maliyyə işləri üzrə müavini Əbu-Bəkr Abdullah Madi də daxil olmaqla, ən azı 10 nəfər kamikadze partlayışı nəticəsində həlak olub.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, iki kamikadze minalanmış maşınları idarə edərək, Bələdveyn şəhərində "Lamaqlay" hərbi düşərgəsini hədəfə alıblar və burada çoxlu sayda məmur və mülki vətəndaş ölüb və yaralanıb.

Onların arasında əyalət rəsmiləri də var.

Hücum zamanı yaralanan rəsmilər arasında Hirşabeli əyalətindəki “Daraviş” qüvvələrinin komandanı Əhməd Diri və Mətban şəhəri merinin inzibati və maliyyə işləri üzrə müavini Əbdül Kafi Şəri də var.

“Əl-Qaidə”yə sadiq olan “Əl-Şəbab” hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Hücum Bələdveyn şəhərində hökumət qüvvələrinin silahlı qruplaşmalara qarşı hərtərəfli hücuma başlamasından bəri ən pis terror aktı hesab olunur.