SMS icazələrlə bağlı əhaliyə xəbərdarlıq

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi SMS kodlarından sui-istifadə halları ilə bağlı xəbərdarlıq edib.

Operativ.tv xəbər verir ki, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir. 

Belə ki, bəzi vətəndaşların sistem vasitəsi ilə “1” kodu, yəni təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar göndərilmiş müraciətlərini bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib. Cəmi 2 gün ərzində bu koddan 129 min 763 şəxs istifadə edib.

 

Qurum bir daha xatırladıb ki, 1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

Qeyd edilib ki, bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və kodlarla bağlı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.
 
Hazırda əməkdaşlar üçün icazənin alınması ilə bağlı  54 min 512 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 738 min 937 aktiv icazə qüvvədədir.
 
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 1 milyon 769 min SMS göndərilib ki, bunlardan 25 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 99,3 faizi 1 dəqiqə ərzində cavablandırılıb.