Skripalı zəhərləyən maddə bu şəhərdə istehsal edilib

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində istifadə olunan “Noviçok” qazı Rusiyanın hərbi tədqiqat bazalarından birində hazırlanıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Tayms” qəzeti yayıb. Qəzet zəhərin hazırlandığı bazanın Saratov vilayətinin Şixanı şəhərində yerləşdiyini bildirib:

“Britaniya kəşfiyyatının məlumatına görə, Şixanıda son onilliklər ərzində “Noviçok”un nə qədər effektiv olmasıyla bağlı tədqiqatlar aparılıb. Zəhərin bu şəhərdə hazırlanması haqqında məlumat Skripalın zəhərlənməsindən sonra aparılan analizdən sonra əldə edilib”.

Qeyd edək ki, Skripal bir müddət öncə Britaniyanın Solsberi şəhərində zəhərlənib. Britaniya baş vermiş hadisəyə görə Rusiyanı ittiham edib. London Moskvanın 23 diplomatını buna görə ölkə ərazisindən qovub. Onun bu addımına dünyanın 20-dən çox ölkəsi qoşulub.