Siyasi şərhçi: "Paşinyan müqaviləni imzalasa, Ermənistanda qarşıdurma yaranacaq"

"Sonuncu Parlament seçkilərində Paşinyan xalqdan bir daha mandat aldı və müharibədən sonra ölkə daxilində yaranmış siyasi böhrana son qoydu. Amma indiki məqamda onun Azərbaycanın istədiyi bir sülh müqaviləsini imzalaması yenidən Ermənistan daxilində qarşıdurmanın və gərginliyin yaranmasına səbəb ola bilər".

Siyasi şərhçi Şahin Cəfərli “Toplum TV”-yə açıqlamasında belə deyib.

Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, 9 noyabr Bəyanatında minaların təmizlənməsinə dair tərəflərin əməkdaşlığı ilə bağlı hər hansı bir bənd yoxdur.

“9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsinə Ermənistan deyil, Azərbaycan mane olur”, - bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bəyanatını şərh edən Ermənistan XİN bildirib.

Ş.Cəfərli deyir ki, Paşinyan Ermənistanın Baş naziridir və ölkəsinin maraqlarını sona qədər müdafiə edərək reallaşdırmaq istiqamətində addımlar atır: “Robert Koçəryan, Serj Sərkisyan və digər radikallarla müqayisədə Paşinyan dialoqa meyilli görünürdü. Ona görə də Azərbaycan ictimaiyyəti Ermənistandakı digər siyasi liderlərlə müqayisədə Paşinyanın hakimiyyətdə qalmasını arzu edirdi. Amma bu, o demək deyil ki, Nikol Paşinyan tam kontruktiv mövqe sərgiləyəcək, Azərbaycan nə desə, onunla razılaşacaq, heç bir müqavimət göstərməyəcək”.

Ekspert hesab edir ki, yaxın gələcəkdə sülh müqaviləsini imzalamaq ehtimalı çox aşağıdır: "Bu dalğada Paşinyan əvvəlkindən daha ciddi basqılarla üzləşə bilər. Ona görə də Ermənistan mümkün olduğu qədər bu məsələni uzatmağa və Azərbaycanın şərtlərini qəbul etməməyə çalışacaq”.

Onun sözlərinə görə, Rusiya məqsədli olaraq lokal insidentlərin yaranmasına göz yumur: “Tərəflər hər dəfə problem yarananda Rusiyaya müraciət edirlər. Bu baxımdan lokal insidentlərin yaranması Rusiyanın maraqlarına uyğundur. Amma mən düşünürəm ki, Rusiya irimiqyaslı toqquşmaların bərpasına, müharibənin yenidən başlamasına imkan verməyəcək, çünki hazırki mərhələ də bu, Rusiyanın marağı deyil”.