Siyasi məhbusun xanımı Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, avqustun 12-də Xalq Cəbhəsi Partiyasının fəalı, siyasi məhbus Aqil Hümbətovun xanımı Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Nazirliyin əməkdaşları onu binadan sıxışdırıb çıxarıblar, bundan sonra qadın mətbuat üçün bəyanat verib.

Aygün Hümbətova həyat yoldaşının siyasi motivlərlə uydurma ittihamla təqib olunduğunu bildirib. Etiraz əlaməti olaraq, həyat yoldaşı "3-4 gündür aclıq edir ".

Hümbətova bildirib ki, dünən Aqil zəng edərək deyib ki, onu koloniyanın sanitariya hissəsinə keçiriblər.

“Səsi zəif gəlirdi. Uşaqlarının xətrinə aclığı dayandırmağı, öz sağlamlığına ziyan vurmamağı, həyatını təhlükəyə atmamağı xahiş etdim. İndi nə olduğunu bilmirəm”, - o deyib.

Qadın qeyd edib ki, həyat yoldaşı həbs olunandan sonra ailə başsız qalıb və o 3 uşağı təkbaşına dolandıra bilmir. Uşaqlardan biri ciddi sinir sistemi xəstəliyindən əziyyət çəkir. Həmin səkkizyaşlı uşağı özü ilə aksiyaya gətirib.

Gələn ay Ali Məhkəmədə Aqil Hümbətovun işinə baxılacaq. Xanımı onun azadlığa buraxılmasını tələb edib. Daha sonra polis əməkdaşları onu Daxili İşlər Nazirliyinə qəbula qədər müşayiət ediblər.

2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Hümbətovu xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. O, avqustun 11-də Zirə qəsəbə sakini Yamən Məmmədovu bıçaqlamaqda təqsirli bilinib.

Lakin hüquq müdafiəçilərinin fikrincə, Aqil Hümbətova qarşı təxribat törədilib və fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir. Bir il öncə Aqil Hümbətov hakimiyyəti tənqid etdiyinə görə psixiatriya xəstəxanasına yerləşdirilmişdi.