Siyasi məhbusun oğlu koloniyada atasının vəziyyətinin ağır olduğunu bildirir

Siyasi məhbusun oğlu koloniyada atasının vəziyyətinin ağır olduğunu bildirir

Mühakimə olunmuş ilahiyyatçı Ruhulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadə atasının vəziyyətinin ağır olduğunu, ona tibbi yardımın göstərilmədiyini bildirib.

2011-ci ildə 11, 5 il müddətinə mühakimə olunmuş ilahiyyatçı 2013-cü ilin mayında infarkt keçirib.

"Bu günə kimi atama normal tibbi xidmət göstərilməyib. Hətta həkimlərin onun müalicəsi üçün müəyyən etdiyi dərmanları özümüz göndərsək də həmin dərmanlar ya ona verilməyib, ya da çox gec verilib. Bu da onun səhhətinin daha da ağırlaşmasına səbəb olub. Bundan əlavə, atam artıq üç ildir ki, müayinədən keçirilmir, halbuki, belə xəstələr mütəmadi müayinə olunmalı və daimi həkim nəzarəti altında olmalıdırlar", - M.Axundzadə bildirib.

O yazır ki, Avropa Penitensiar Qaydalarının 46.1-ci maddəsinə görə, xüsusi müalicə tələb edən xəstə məhbuslar penitensiar müəssisədə, bu mümkün olmadıqda isə xüsusiləşdirilmiş müəssisələrə və yaxud mülki xəstəxanalara köçürülürlər

M.Axundzadənin sözlərinə görə, 2016-cı ildə atasının vəziyyəti kritik olduğu üçün məcburiyyət qarşısında qalıb onu Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdiriblər. Lakin rəhbərlik və müəssisə personalı onunla pis rəftar ediblər və o, erirazını bildirdikdə atasını koloniyaya qaytarıblar.

M.Axundzadə yazır ki, atası ağır vəziyyətdədir və Ədliyyə Nazirliyinin müalicə müəsisəsinə, ya da mülki xəstəxanaya köçürülməlidir. O, Azərbaycan ictimaiyyətindən, hüquq-müdafiə təşkilatlarından, Beynəlxalq Qızıl Xaç Komitəsindən bu məsələni nəzarətdə saxlamağı, atasının keyfiyyətli və effektiv müalicəsinə yardımçı olmağı xahiş edir.

*Ruhulla Axundzadə İslam Partiyasının lideri Mövsüm Səmədov və digər fəallarla birlikdə "İslam Partiyasının işi" üzrə həbs edilib. Onlar konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhddə, silahlı qrupun yaradılmasında, qanunsuz silah saxlamaqda və s. cinayətlərdə ittiham olunublar. İş üzrə keçən şəxslər siyasi məhbus kimi tanınıblar.

 

Turan.az

Facebook