Şimali Koreya Cənubi Koreya liderinin təklifinə cavab olaraq ondan “ağzını yummağı” istəyib

Şimali Koreya Seulun nüvəsizləşdirmə müqabilində iqtisadi dəstək təklifini kəskin şəkildə rədd edərək, Cənubi Koreya prezidenti Yun Suk-Yölü “sadəlövh” adlandırıb.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Şimali Koreya lideri Kim Çen Inın nüfuzlu bacısı Kim Yo Conq Cənubi Koreyanın Pxenyana mərhələli iqtisadi yardım təklifinə cavab olaraq deyib.

Onun sözlərinə görə, Şimali Koreya qonşunun iqtisadi yardımı müqabilində heç vaxt nüvə silahını qurban verməyəcək. 

"Yun Suk-Yöl ağzını bağlasa imici üçün daha yaxşı olar. Heç kim taleyini qarğıdalı tortuna dəyişməz", deyə Kim Yo Conq bildirib. 

Xatırladaq ki, ilk dəfə may ayında təklif edilən və bu həftə Yun tərəfindən irəli sürülən yardım planına Şimali Koreyanın nüvə silahı proqramından əl çəkməsi müqabilində ərzaq, enerji və infrastruktur yardımı daxildir.