Şiələr namazın salamından sonra Xanəl-Əmin (Cəbrayıl xəyanət etdi) deyirlərmi? (1-ci hissə)

Sual verən: Zuheyr Behzadpur

Əl-Cəzair vəhhabiləri belə deyirlər: Şiələr bu əqidədədir ki, Cəbrail (ə) səhvən Həzrət Əlinin (ə) yerinə Həzrət Məhəmmədə (s) vəhy nazil etmişdir. Görəsən bu məsələ düzdürmü?

Şübhənin izahı:

Keçmiş zamanlardan şiəni bu etiqadla ittiham edirlər ki, Cəbrayıl (ə) vəhy edən zaman xəyanət etmişdir. Belə ki, O, Həzrət Əliyə (ə) risaləti çatdırmaq əvəzinə Həzrət Məhəmmədə (s) çatdırmışdır. Buna görə də şiələr namazın salamını bitirdikdən sonra əllərini üç dəfə qaldıraraq “Xanəl-Əmin” (Cəbrayıl xəyanət etdi) deyirlər.

Cavab:

İttihamın kökü

Ayə və rəvayətlərdən aydın olur ki, yəhudilər Cəbrayılın (ə) risaləti çatdırmaqda xəyanət etdiyinə etiqad bəsləyirlər. Onların fikrinə görə Allah-Təala Cəbrayıla əmr verdi ki, nübüvvəti İsrail ailəsinə çatdırsın, lakin Cəbrayıl (ə) Allahın əmrinin xilafına olaraq nübüvvəti İsmayılın (ə) övladlarına verdi. Buna əsasən də yəhudilər Cəbrayılı (ə) düşmən tutaraq “Xanəl-Əmin!” cümləsini özləri üçün şüar olaraq təyin etdilər. Buna görə də Quran onların sözlərinin əsassız olduğunu isbat etmək üçün və onları bu işlərinə görə tənqid etmək üçün Cəbrayılı (ə) doğru və əmin bir mələk kimi tanıtdırır:

نزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ 

Ruhul-əmin (Cəbrayıl (ə)) onu endirdi, qorxudanlardan (Peyğəmbərlərdən) olasan deyə, sənin qəlbinə (nazil etdi).

Başqa bir yerdə buyurur:

قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ 

(“Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik” – deyən yəhudilərin cavabında) de: “Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Quranı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib.”

Bu ayələrdən və onların təfsirindən bu aydın olur ki, yəhudilər Cəbrayılı (ə) düşmən tutduqları üçün onu əzab mələyi adlandırırdılar və onu risaləti çatdırmaqda xəyanət etməsilə ittiham edirdilər.

حدثنا القاسم ، قال : ثنا الحسين ، قال : حدثني حجاج ، عن ابن جريح ، قال : حدثني القاسم بن أبي بزة : أن يهود سألوا النبي ( ص) من صاحبه الذي ينزل عليه بالوحي ، فقال : جبريل . قالوا : فإنه عدو لا يأتي إلا بالحرب والشدة والقتال . فنزل : ( من كان عدوا لجبريل) الآية 

Qasim bizə rəvayət etdi (və dedi): Hüseyn bizə rəvayət etdi (və dedi): Həccac mənə İbn Cureyhdən rəvayət etdi (və dedi): Qasim ibn Əbi Bəzə rəvayət etdi (və dedi): Yəhudilər Peyğəmbərdən (s) soruşdular ki, kim sənə vəhy nazil etmişdir? Peyğəmbər (s) buyurdu: Cəbrayıl (ə). Dedilər: O, düşməndir, müharibə və şiddətli işlərdən başqa şeylər üçün nazil olmur. Sonra bu ayə nazil oldu.

Buna əsasən “xanəl-Əmin” şüarı yəhudilərin xurafatlarından qaynaqlanır. Bəzi cahil yazarlar da şiələrlə dərin düşmənçiliyi üzündən bu sözü şiənin əleyhinə işlədir və namərdcəsinə bu ittihamı şiəyə nisbət verirlər. İbn Teymiyyə deyir:

Yəhudilər Cəbrayıla (ə) qarşı nöqsan və eyib tutmaq niyyətindədirlər. Onlar Cəbrayılı (ə) mələklər arasında öz düşməni bilirlər. Necə ki, Rafizilər (şiələr) də belə deyir: Cəbrayıl (ə) səhvən vəhyi Məhəmmədə (s) nazil edibdir...

Cavab:

1. Şiələr namazdan sonra 3 dəfə təkbir deyirlər

Vəhhabilərin bu ittihamı şiələrin əqidələrindən xəbərsiz olduqlarından qaynaqlanır. Çünki əgər bu mövzu şiənin ibadi əməllərinin bir hissəsi olsaydı, onda gərək onların əməliyyə risalələrində və fiqhi kitablarında qeyd olunardı. Halbuki bu mövzu barəsində şiələrin heç bir təfsir, hədis, fiqh və tarix kitablarında bir söz belə danışılmamışdır. Əksinə şiə kitablarında bu var ki, namaz qılan namazdan sonra üç dəfə əllərini qaldıraraq hər dəfə təkbir deyirlər. Mövzu daha aydın olsun deyə şiənin tanınmış fəqihlərindən bir neçəsinin nəzərini qeyd edirik ki, vəhhabilərin yalanları hər kəs üçün aydın olsun.

Namazdan sonra təkbir deyilməsi haqqında şiə fəqihlərinin nəzəri

a) Şeyx Müfid (r) deyir:

فاذا سلم بما وصفناه فليرفع يديه حيال وجهه مستقبلا بظاهرهما وجهه و بباطنهما القبلة بالتكبير و يقول: الله اكبر ثم يخفض يديه الى نحو فخذيه و يرفعهما ثانية بالتكبير ثم يخفضهما و يرفعهما ثالثة بالتكبير ثم يخفضهما.

Əgər insan namazın salamını desə, vəsf etdiyimiz kimi əllərini üzünün müqabilində elə qaldırsın ki, əllərinin arxası üzünə tərəf, əllərin içi isə qibləyə tərəf olsun və təkbir desin. Sonra əllərini budlarının üzərinədək aşağı salsın və ikinci dəfə əllərini təkbir deyərək qaldırsın. Yenə də budlarınadək əllərini aşağı salsın. Üçüncü dəfə də təkbir deyərək əllərini qaldırsın və yenidən əllərini budlarının üzərinə qoysun!

Bu cümlələrdə görürük ki, İmamiyyə şiələrinin qədim alimlərindən olan Şeyx Müfid (r) bu etiqaddan heç bir söz deməyib. Əgər bu etiqad vacib, müstəhəb və ya namazın ədəblərindən olsaydı, gərək bunu da orda zikr edərdi.

b) İbn İdris Hilli (r) yazır:

و يستحب بعد التسليم و الخروج من الصلاة أن يكبر و هو جالس ثلاث تكبيرات يرفع بكل واحدة يديه الى شحمتى اذنيه ثم يرسلهما الى فخذيه.

Namazın salamını deyəndən və namazı bitirdikdən sonra müstəhəbdir ki, oturan yerdə üç dəfə təkbir desin. Hər təkbirdə də əllərini qulaqlarının dibinədək qaldırsın. Sonra da əllərini budlarının üstünə qoysun!

c) Şəhid Əvvəl də namazın təqibatının müstəhəbləri haqqında yazır:

و يستحب التعقيب مؤكدا وليبدأ بالتكبير ثلاثا رافعا بكل واحدة يديه الى أذنيه ثم التهليل و الدعاء بالمأثور و تسبيح الزهراء عليها السلام من أفضله...

Namazdan sonra təqibat təkidli müstəhəbdir. Namaz qılan əvvəldə üç dəfə təkbir desin, hər təkbirdə də üç dəfə əllərini qulaqlarına tərəf qaldırsın. Sonra təhlil (La ilahə illəllah) desin, məsur (Məsumlardan yetişən) dualar oxusun. Amma Həzrət Zəhranın (ə) təsbihi bunlardan daha fəzilətlidir.

2. Şiələrin Məhəmməd ibn Əbdullahın (s) nübüvvətinə olan etiqadı

Şiələr Məhəmməd ibn Əbdullahın (s) nübüvvətinə etiqad bəsləyir və bunu İslam dininin rüknlərindən hesab edirlər. Şeyx Tusi (r) deyir:

محمد بن عبدالله بن عبدالمطلب بن هاشم نبى هذه الأمة رسول الله صلى الله عليه وآله بدليل انه ادعى النبوة و ظهر المعجز على يده كالقرآن فيكون نبيا حقا.

Məhəmməd ibn Əbdullah ibn Əbdülmüttəlib ibn Haşim (s) bu ümmətin peyğəmbəri və Allahın rəsuludur. Dəlili isə budur ki, O, nübüvvət iddiası etmiş və Onun əlilə Quran kimi (əbədi) bir möcüzə zahir olmuşdur. Nəticədə isə O, haqq olaraq peyğəmbərdir.

Əllamə Hilli (r) deyir:

و ظهور معجزة القرآن و غيره مع اقتران دعوة نبينا محمد صلي الله عليه و آله وسلم يدل علي نبوته.

Peyğəmbərimizin dəvətinə yaxın olan Quran və digər möcüzələrin zahir olması Onun nübüvvətinə dəlildir.

3. Namazda şəhadəteynin (kəlimeyi şəhadətin) vacib olması

Şiələr namazın təşəhhüdündə şəhadəteyni vacib bilir və onu bilərəkdən tərk etmək isə namazın batil olduğuna səbəb olur. Necə mümkün ola bilər ki, təşəhhüdün bir hissəsində Peyğəmbərin (s) nübüvvətinə şəhadət versinlər, lakin digər hissəsində isə Cəbrayılın (ə) vəhyi Peyğəmbərə (s) çatdırmaqda xəyanət etdiyini iddia etsinlər? Halbuki bu iki şey bir-biri ilə daban-dabana ziddir.

Tarix boyu şiə fəqihlərinin bu barədə verdiyi fətvalar və dünyanın hər yerində şiənin bu barədə  etdiyi əməl bu sözə daha yaxşı şahid və vəhhabilərin boş danışıqlarına ən aydın dəlildir. Şeyx Müfid (r) deyir:

وأدنى ما يجزي في التشهد أن يقول المصلي : " أشهد أن لا إله إلا الله ، وأشهد أن محمدا صلى الله عليه وآله عبده ورسوله " .

Təşəhhüddə ən az kifayət edən budur ki, namaz qılan desin: “Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhəmmədən səlləllahu əleyhi və alihi əbduhu və rəsulu.”

Şeyx Tusi (r) deyir:

وأقل ما يجزيه من التشهد أن يقول أربعة ألفاظ : الشهادتان والصلاة على النبي محمد والصلاة على آله وصفته أن يقول ( أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وآل محمد )

Təşəhhüddə ən az kifayət edən budur ki, namaz qılan bu dörd kəlməni desin: Şəhadəteyn, Peyğəmbərə (s) salam göndərmək, Onun (s) ailəsinə salam göndərmək. Bunların keyfiyyəti belədir: Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Əllahummə səlli əla Muəhəmməd və ali Muhəmməd.

Cəvahir kitabının müəllifi deyir:

الواجب ( السابع التشهد ) وهو لغة تفعل من الشهادة ، وهي الخبر القاطع ، وشرعا كما في جامع المقاصد الشهادة بالتوحيد والرسالة والصلاة على النبي  صلى الله عليه وآله

Yeddinci vacib təşəhhüddür. Lüğət baxımından təfəəul babından olaraq şəhadət vermək modulundan tutulmuşdur. Bu da cümlədə qəti xəbər rolunu oynayır. Şəri baxımdan isə Came əl-məqasid kitabında gəldiyi kimi Allahın təkliyinə, Peyğəmbərin (s) risalətinə şəhadət verməkdən və Peyğəmbərə (s) salavat göndərməkdən ibarətdir.

İndiki əsrin böyük mərceyi-təqlidləri də öz risalələrində təşəhhüdü belə yazmışlar:

Məsələ 1100: Bütün namazların ikinci rükətində, məğrib namazının üçüncü rükətində, zöhr, əsr və işa namazlarının dördüncü rükətində ikinci səcdədən sonra namaz qılan şəxs oturmalı, bədəni aram olandan sonra təşəhhüd deməlidir. Yəni belə desin: Əşhədu ən la ilahə illəllah vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.

Bu məzmunda şiənin digər fiqhi kitablarında da təşəhhüd babı qeyd olunmuşdur. Bu da məlumdur ki, şiə İslam Peyğəmbərinin (s) risalətini namazın təşəhhüdündə iqrar edir və bu məsələdə şiə alimləri icma etmişlər.