Sığorta ödənişində yenilik layihəsi

“İşsizlikdən sığorta haqqında” qanun yenilənir. Novator.az bildirir ki, parlamentin 1 fevral iclasında ilk oxunuşdan keçən layihəyə görə, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği rəsmi elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən ediləcək.

Qanuna əsasən, sığorta ödənişini dövlət orqanı və ya hüquqi şəxs ləğvi edildikdə; işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; əmək müqaviləsinin müddəti qurtardıqda rəsmən işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar ala bilər.

İlk iki halda işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur və ödəniş işçinin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

Əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş şəxslərə ödəniş üçün onların müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişi minimum əməkhaqqı (250 manat) qədər və 3 ay müddətinə ödənir.