Səid Dadaşbəylinin vaxtından əvvəl azadlığa buraxılması müraciəti təmin edilməyib

Mayın 2-si Nizami rayon Məhkəməsi həbsdə olan Səid Dadaşbəylinin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətini təmin etməyib
 
Prosesin Dadaşbəylinin saxlandığı 15 saylı cəzaçəkmə müəssisəsində keçirildiyi bildirilir.
 
Məhkəmə cəzaçəkmə müəssisəsinin mənfi rəyini nəzərə alaraq, onun vaxtından əvvəl azadlığa buraxılmasını gərəkli saymayıb.
 
Hüquq müdafiəçisi Samir Kazımlının verdiyi məlumatına görə, məhkəmənin qərarında əsasən Səid Dadaşbəylinin əməklə məşğul olmaması imtinanın səbəbi kimi göstərilib.
 
Hüquq müdafiəçisi Rəsul Cəfərov isə məhkəmənin qərarını şərh edərək qeyd edibi ki, bu ilin mart ayında verilən əfv (400-dən çox şəxsə şamil edilib-red) sərəncamından sonra yaradılan pozitiv gözləntilər özünü doğrultmur.
 
Rəsul Cəfərov qeyd edib ki, bu, hakimiyyətin siyasi məhbuslardan alver predmeti kimi istifadə etmək istəməsi niyyətini göstərir.
 
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər, məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.
 
2007-ci il dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Səid Dadaşbəyli və onunla birgə tutulan 10-a qədər şəxsə hökm oxuyub.
 
Səid Dadaşbəyli 14 il, Rəşad Əliyev 14 il, Ceyhun Əliyev 14 il, Fərid Ağayev 13 il, Samir Qocayev 13 il, Bəybala Quliyev 13 il, Cahangir Kərimov 13 il, Rasim Kərimov 13 il, Emil Möhbalıyev 12 il, Mikayıl İdrisov isə 12 il azadlıqdan məhrum edilib.
 
Onlar Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağızlar hazırlama və ya satma) və başqa maddələrlə ittiham ediliblər.
 
Hüquq müdafiə təşkilatları onları siyasi məhbuslar kimi tanıyıb.
 
İstintaq müddətində onlara ağır işgəncələr verildiyi iddia edilib.
 
Amma Azərbaycanın hüquq mühavizə orqanları təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə olmasına dair şikayətləri təsdiq etmir, əsassız iddialar adlandırırlar.
 
Azadliq.org