Şəhid əsgər Rahid Sadıxov-VİDEO

Rahid Vahid oğlu Sadıxov 13 fevral 2001-ci ildə Rusiya Federasiyasının Saratov şəhərində dünyaya göz açıb. 2007-2016-cı illərdə Saray qəsəbəsinin M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbində təhsil alıb. Təhsilini doqquzuncu sinifə kimi həmin məktəbdə davam etdirib. Daha sonra Bakının Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabad rayonunda tamamlayıb. 2019-cu il aprel ayının 1-də Masallı rayon hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Goranboy və Tərtər rayonlarında, «N» saylı hərbi hissədə xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri Rahid Vahid oğlu Sadıxov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Suqovuşan və Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci il tarixində Aşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin əsgəri Rahid Vahid oğlu Sadıxov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.