Seymur Həzinin hansı ittihamla tutulduğu bəlli olub

AXCP funksioneri, jurnalist Seymur Həzinin hansı ittihamla tutulduğu bəlli olub.

Rakurs.tv xəbər verir ki, Seymur Həzi Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirdiyi etiraz aksiyasından bir gün qabaq – oktyabrın 17-də tutulub. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs verilib.

Oktyabrın 21-də həyat yoldaşı Nigar Həzi özünün “Facebook” səhifəsində yazıb ki, məhkəmə Seymuru İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama maddələri ilə təqsirli bilib: “Bu maddələr üzrə ittihamın irəli sürülməsinə isə o səbəb olub ki, guya Seymur həyətdə telefonla yüksək səslə danışa-danışa ünvansız söyüş söyürmüş. Halbuki həmin vaxt Seymur məninlə görüşə gəlirdi. Mənim ora çatmağımla mülki geyimlilərin onu aparması bir olub”.

1982-ci il təvəllüdlü Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini (bakalavr və magistr dərəcələri ilə) və AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasını bitirib.

O, 2014-cü il avqustun 29-da bir nəfərə xəsarət yetirmək ittihamı ilə tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da azadlığa çıxıb.

Seymur Həzi həbsdə olarkən, 2016-cı ilin avqustunda müxalif siyasətçi Tofiq Yaqublunun qızı Nigarla ailə qurub.