Seçkiləri boykot edən partiyanın qeydiyyatı ləğv oluna bilər

Operativ.tv Azadlıq Radiosu-na istinadən xəbər verir ki, Azərbaycanda 29 partiya "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair təkliflərini təqdim edib. Lakin təklif müəllifləri arasında hakim Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası kimi müxalif qüvvələr yoxdur.

Bir ay öncə Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət etmişdi. Sədr isə, öz növbəsində, bundan ötrü Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara üz tutmuşdu.

Müəlliflərdən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, təkliflərin arasında partiyaların qeydiyyat prosesinin sadələşdirilməsi, həmçinin qeydiyyatın yenidən dəqiqləşdirilməsi kimi məsələlər yer alıb.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə agentliyə deyib ki, onların təkliflərində partiya üzvlərinin sayının artırılması nəzərdə tutulub: "Yəni partiyaların hərtərəfli kadr bazasını formalaşdırmaq mümkün olsun. Bunu tələb kimi qoyanda artıq partiyalar üzvlük məsələsinə ciddi yanaşırlar".

"Ən azı iki seçkidə iştirak etməyən partiyanın…"

Partiya sədrinin sözlərinə görə, digər təklif seçkidə iştirak məsələsi ilə bağlıdır: "Ən azı iki seçkidə iştirak etməyən partiyanın qeydiyyatına məhkəmə qaydasında baxıla bilər. Çünki partiyalar daha çox seçki prosesinə indekslənə bilsinlər".

F.Mustafa qeyd edib ki, üçüncü təklifləri partiyalar üçün parlamentdə fraksiya yaratma məsələsinin asanlaşdırılması ilə bağlıdır.

"Dövlət qeydiyyatına alınmış partiyanın…"

Müəlliflərdən REAL Partiyasının Siyasi Komitənin üzvü Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, onlar artıq bir il əvvəl bununla bağlı öz təkliflərini hazırlayıblar: "Bu qanun Konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azından Seçki Məcəlləsinə də uyğun dəyişikliklər edilməlidir. Digər tərəfdən, hazırda mövcud olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır".

Onun deməsinə görə, həmçinin, dövlət qeydiyyatı üçün tələb olunan partiya üzvlərinin minimal sayı dəyişməməlidir.

REAL hesab edir ki, dövlət qeydiyyatına alınmış partiyanın namizədləri bələdiyyə və parlament seçkilərində qeydiyyatdan keçmək üçün imza toplamaq vəzifəsindən azad olunmalıdır: "Eynən, dövlət qeydiyyatında olan partiyanın namizədi 60 bələdiyyə şurasının dəstəyini qazandıqda prezident seçkilərində imza toplamamalıdır".

"İctimai Televiziya 30 dəqiqə canlı efirlə…"

N.Cəfərlinin vurğulamasına görə, son seçkilərdə (parlament, prezident) partiya prezidentliyə namizədin qeydiyyatı üçün tələb olunan imzadan iki dəfə çox səs toplayıbsa, onun prezidentliyə namizədinə imza tələbi qoyulmamalıdır: "İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə canlı efirlə təmin etməlidir. Partiyalar özləri bu yayımı canlı, ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir".

"Azərbaycan ərazisində daimi yaşamalıdır"

REAL-a görə, siyasi partiyanın buraxılması, ona xəbərdarlıq edilməsi, fəaliyyətinin dondurulması, onun hesabatlılığı ilə bağlı müddəalar dövlət orqanlarının qərəzli müdaxilələrinə imkan yaratmamalıdır: "Siyasi partiya ard-arda iki dəfə ümumi parlament, ya da ard-arda üç dəfə ümumi bələdiyyə seçkilərində namizəd irəli sürməkdən imtina etdikdə onun dövlət qeydiyyatı ləğv olunmalıdır. Partiyanın sədri və ən yüksək rəhbər orqanına üzv olan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamalıdır".

"…Bu dəyişikliklər mürtəce xarakter daşıyır"

Təklif verməyən Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda hazırda mövcud olan "Siyasi partiyalar haqqında" Qanuna tam əməl olunsa, o, çoxpartiyalı siyasi sisteminin qurulması üçün yetərlidir: "Təəssüf ki, Azərbaycan hakimiyyəti qanunvericilik sahəsində hər hansı bir təşəbbüs irəli sürürsə, bu dəyişikliklər mürtəce xarakter daşıyır, demokratik hüquq və azadlıqların məhdudlaşmasına yönəlir".

Onun sözlərinə görə, Müsavat Partiyası sözügedən qanunu müzakirə edir: "Müəyyən təkliflərimiz var və, yəqin ki, onları gələn həftə təqdim edəcəyik".

Onun fikrincə, yeni qanun ətrafında proses faktiki olaraq saxtadır.

Yeni Azərbaycan Partiyasının nümayəndələri isə, hələlik, təklif verməmələri ilə bağlı suallara cavabdan yayınıblar.

Siyasi partiyalar haqqında mövcud qanun 1992-ci ildə qəbul edilib. Sonradan ona bir sıra dəyişikliklər olunub.