Sədr tərəfdarlarını yenə küçələrə etiraza çağırır

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr xalqı paytaxt Bağdadda "milyonluq nümayiş" təşkil etməyə çağırıb.

Sədrə yaxın sosial media hesabından edilən açıqlamaya görə, şiə dini və siyasi lideri bütün İraq xalqına səslənərək İraqın hər şəhərindən, hər mahalından, kəndindən, məhəlləsindən və küçəsindən hər kəs milyonlarla insanın Bağdadın Təhrir meydanında İraq bayrağı ilə nümayişinə qatılmalmağa dəvət edib. Nümayişlərin sonu olaraq Sədr Yaşıl Zonadakı xalqın tərəfdarlarının oturaq aksiyalara qoşulmasını onlardan istəyib. Çağırılan nümayişin günü və saatı barədə hələ ki, heç bir məlumat verilməyib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında İraqda keçirilən seçkilərdə qalib gələn Müqtəda əs-Sədr, İranyönlü partiyalarla hökumət qurmaq istəmədi və daha sonra siyasətdən çəkildiyini açıqladı. Sədrdən sonra hökuməti qurmaq vəzifəsi onun rəqibi Koordinasiya Çərçivəsinə keçdi. Koordinasiya Çərçivəsi iyulun 25-də keçmiş əmək və sosial məsələlər naziri Məhəmməd Şiə Sudanini baş nazirliyə namizəd seçdiyini elan etdi. Sədr tərəfdarları şiə siyasi çətir təşkilatı Koordinasiya Çərçivəsinin baş nazir namizədi Sudaniyə etiraz etmək üçün 30 iyul şənbə günü Yaşıl Zonaya daxil olaraq parlament binasına hücum edib orada oturaq aksiyaya başladılar.