Saxlanılanlar sərbəst buraxılıb

İyulun 14-də Milli Məclisin qarşısında Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı saxlanılan azad reportyorlar Anar Abdullayev, Firudin Səlimovvə və Elvin Cəbizadə iyulun 17-də sərbəst buraxılıb.
 
Jurnalistlər Amerikanın Səsinə bildiriblər ki, üç gün polis bölməsində saxlanılıblar.
 
"Əvvəlcə dövlət qulluqçusuna müqavimət məsələsi var idi. Son olaraq bizdən həmin hadisələrin şahidi kimi ifadə aldılar. Bu gün, iyulun 17-də bizdən COVİD-19-la bağlı test nümunəsi götürdülər. Çünki tutulanların hamısında yoluxma riski çox böyükdür. Düzdür qoruyucu maska təklif edirdlər. Amma, sosial məsafəni gözləmək mümkün deyildi, " Elvin Cəbilzadə deyib.
 
Anar Abdullayev bildirib ki, saxlanılmaları ilə bağlı şikayət edəcəklər.
 
"Qanunsuz olaraq azadlığımızın mıəhdudlaşdırılması ilə bağlı şikayətimizə Azərbaycan məhkəmələrində cavab tapmasaq Avropa İnsan Hüquqları Məhkəməsinədək gedəcəyik. Bizim saxlanılmağımız mətbuata qarşı təzyiq idi. Həmçinin bizimlə saxlanılanlara qarşı şiddət də gördüm. Düzdür mənə qarşı şiddət olmamışdı. İki nəfər rezin güllədən yaralanmışdı,” o qeyd edib.
 
Firudin Səlimov deyib ki, saxlanılma şəraiti çox pis olub.
 
"11 kvadratmetrlik balaca otaqda 6 nəfər saxlayırdılar. İsti idi, havalandırma yox idi, nəfəs almaq, oturmaq mümkün deyildi. Yatmaq üçün yer yox idi. Artıq dördüncü gündür ki, yuxusuzam. Yuxusuzluqdan müvazinətimi itirib yıxıldım. Təcili yardım çağırdılar. İynə vurandan sonra ayıldım. Çox halsızam,” Səlimov bildirib.
 
İyulun 17-də həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qadınlar Şurasının üzvü Mətanət Mahmarzayeva (Turan) sərbəst buraxlıb. O, iyulun 16-da saxlanmışdı.
 
Mətanət Mahmarzayeva bildirib ki, açılmış cinayət işi üzrə dindirilib, lakin iltizam verdiyinə görə, bu barədə ətraflı məlumat verə bilməz.
 
Reportyorların və AXCP fəalının saxlanılması ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.
 
AXCP-nin məlumatına görə, hazırda 14 iyul aksiyasından sonra saxlanılan 5 partiya fəalı barədə məlumat verilmir.
 
Rəsmi qurumlar 14 iyul aksiyası zamanı baş verən insident faktı ilə bağlı cinayət işinin qaldırıldığını bildirib. Lakin bu cinayət işi üzrə saxlanılanlar barədə hələ məlumat yaymayıb.
 
Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.
 
"Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz "Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib
 
AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.
 
"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.
 
amerikaninsesi.org