Saxlanılan sabiq icra başçısı barədə rəsmi açıqlama

Baş Prokurorluq Polşada saxlanılan Qubadlının sabiq icra başçısı Elxan Nuriyevlə bağlı məlumat yayıb.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbərinə görə, Qubadlı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Oktyabrın 2-də o, Polşa ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycana ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.

Xatırladaq ki, hazırda Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan E. Nuriyev tez-tez yutubun Azərbaycan seqmentində yayımlanan bir sıra verilişlərdə hərbi ekspert kimi çıxış edib.