"Şaumyanlara, Aşotlara, Sarkisyanlara səslənib demək istəyirəm ki..."

Müharibədən bir neçə ay sonra Ermənistan tərəfi minalanmış ərazilərdən bir neçəsinin xəritəsini Azərbaycana təhvil verdi. Azərbaycan da bunun qarşılığında əsirlikdə olan erməni qatillərini Ermənistana geri qaytardı. Daha sonra Azərbaycan tərəfi  rəsmi surətdə etiraf etdi ki, Ermənistanın verdiyi xəritələrin dəqiqliyi 3-5 faizdir. Bununla belə xain qonşumuz olan Ermənistana qarşı hökumətimizin "humanistliyi" bitib- tükənmir.
Minlərlə Azərbaycan əsgərini, vətəndaşını Şəhid etmiş, anaların gözünü yaşlı qoymuş erməni əsirləri öz evlərinə geri qaytarılır amma bu ölkənin zindanlarında olan yüzlərlə günahsız insanlar illərdir ki, evlərindən uzaqda soyuq divarlar arasında saxlanılır. Burdan Şaumyanlara, Aşotlara, Sarkisyanlara səslənib demək istəyirəm ki, heç narahat olmayın, tez bir zamanda siz öz doğmalarınıza qovuşacaqsız. Lakin Azərbaycanda milli və dini dəyərləri qoruyan cavanlar, dindarlar, ölkə vətəndaşları olan övladlarımız zindanlarda öz doğmalarına həsrətdirlər.
Mənim günahsız yerə həbs edilmiş oğlum Abbas Hüseynə 20 il hökm oxuyan hakimlər 30 il azərbaycanlıları öz doğma yurd yuvasından didərgin salıb, öz torpaqlarında əsir saxlayıb, ağlasığmaz işgəncələr verən Lüdvik Mkrtçiyana, Alyoşa Xosrovyana da 20 il həbs cəzası verdi. 
Digər erməni terrorçularına isə cəmi 6 ay həbs cəzası verib azad etdilər. 
Bir yandan izinə toz qonmamış atasının evinə qaytarılan erməni əsirlərinin azad edən hökumətimiz, bir yandan günahsız Azərbaycan vətəndaşlarını həbs edir. Bu həbslər, bu insan oğurlamaları, bu şərləmələr, işgəncələr hər gün davam edir və hər gün daha da artır. 
Həbs edilən əslində təkcə şəxslər deyil, bu ölkənin gəncliyidir, bu ölkənin insanlarıdır ki, onların həyatı darmadağın edilir.
Əliqanlı erməni qatillərinə göstərilən humanistlik bir ana kimi mənə toxunur. 
Hakimiyyətin humanistliyi əliqanlı qatillərə, övladlarımızı öldürənlərə, cinayətkar ermənilərə işləyir. Azərbaycan vətəndaşına gələndə isə humanistlik yoxa çıxır. 
Bir aydır zindanda aclıq aksiyası keçirən Qarabağ qazisi, günahsız məhbus Saleh Rüstəmliyə və onunla birgə bütün günahsız məhbuslara azadlıq tələb edirəm!

 

Rəhimə Hüseynova. (Nardaran məhbusu Abbas Hüseynin anası)