Sarkozinin 4 ölkəyə çıxışına qadağa qoyuldu

Korrupsiya ittihamı ilə saxlanılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan Fransanın sabiq prezidenti Nikola Sarkozinin 4 ölkəyə gedişinə qadağa qoyulub.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən o, Liviya, Misir, Tunis və CAR-a gedə bilməz. Buna səbəb onun barəsində açılan cinayət işində adı korrupsiya faktında hallanan bir çox şəxslərin bu ölkələrdə yaşamasıdır.
 
İstintaq çərçivəsində Sarkozinin prezidentliyi müddətində Fransanın daxili işlər nazirləri olmuş Klod Qeant, Bris Ortefyö və daxili kəşfiyyat müdiri Bernard Skuarcini ilə də görüşməsinə qadağa qoyulub.
 
Qeyd edək ki, sabiq prezident 2007-ci il prezident seçkilərində Liviyadan qeyri-qanuni maliyyə dəstəyi almaqda günahlandırılır.