“Saleh Rüstəmliyə azadlıq” aksiyasına tərəflərin münasibəti

 

Bu gün Bakının Fəvvarələr meydanında “Saleh Rüstəmliyə azadlıq” çağırışı altında müxalifətin təşkil etdiyi aksiya həbslərlə yadda qalıb. Azadlıq qəzetinin yaydığı məlumata görə saxlanılanların sayı 40 nəfər olub və onlar saxlanılan zaman fiziki zorakılığa məruz qalıblar. Saxlanılanlardan birinin azyaşlı olması da mənbə tərəfindən qeyd olunub. Axşam saatlarında video müsahibə verən Milli Şura KM-nin üzvü Tofiq Yaqublu saxlanılan zaman ona dəhşətli işgəncələrin verildiyini bildirib. Bundan əlavə onun xarici görünüşü də Yaqubluya işgəncə verildiyini göstərən səbəblərdəndir.

 

Aksiya və saxlanılanlar barəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev də fikiri yubanmayıb. O, şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanlar arasında qadın və azyaşlı uşağın olmadığını bildirib. O qeyd edib ki, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir. Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara cavab olaraq şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”-deyə o bildirib.