"Şah Əsər" (2-ci hissə)

"Şah Əsər"
(2-ci hissə)
~~~~~~~~
“Cümlənin tamamlayıcısı nöqtə olduğu kimi bütün peyğəmbərlərin (ə) işlərini bir cümləyə bənzətsək, İmam Hüseyn (ə) məktəbi o cümlənin tamamlayıcı nöqtəsidir”
`````````````````````````````````````````````````````
İlahi həyatbəxş qanunları
Tanrının yaratdıqları içərisində şah əsəri olan insanın kamillik zirvəsini fəth etməsi üçün öz daxili fitrətində olan insani dəyərləri ilə onu Xaliqin şah əsəri edən öz özəllikləri öz vücudunda cilvələndirməsi labüddür. Bu maraqlı varlığın daxili xüsusiyyətlərini diqqətlə təhlil etdikdə onun fərdi və ictimai yaradılış quruluşuna malik olmasını görmək olar. Deməli insanın kamillik zirvəsini fəth etməsinin onun birbaşa fərdi və ictimai həyatı ilə əlaqəli olmasında heç bir şübhə yoxdur. Yəni insanın daxilində olan potensial qüvvənin öz vücudunda cilvələnməsi və bununla da uca zirvələri fəth etməsi onun birbaşa fərdi və ictimai həyatını düzgün yaşamasından asılıdır.
Beləliklə tam aydın olur ki, kamillik zirvəsinə yüksələn yolu tanımaq və bu yolu qət etmək şah əsərin ən əsas və mühüm vəzifələrindəndir. Şübhəsiz Ulu yaradan insanı xəlq etdikdən sonra onu öz başına buraxmadı. Kərəm və Lütf sahibi olan Allah xəlq etdiyi insanlara elçilərinin vasitəsi ilə ilahi həyatbəxş qanunlarını göndərdi. Bəşər övladının fərdi və ictimai həyatını düzgün tənzimləyən, yəni onun ali hədəfə - kamillik zirvəsinə yüksəlməyini, hidayətə qovuşmağını, dünya və axirət səadətinə yetişməyini təmin edən yardımçı vasitə yalnız ilahi həyatbəxş qanunları ola bilər. Bu ilahi qanunları fərdi və ictimai həyatına tətbiq edən hər bir bəşər övladı ölümdən həqiqi həyata yəni, zülmətdən nura doğru irəliləyir. Allah-taala bu ilahi həyatbəxş qanunlarına Qurani-Kərimin Ənfal surəsinin 24-cü ayəsində işarə edərək buyurub: “Ey iman gətirənlər, sizi, sizə həyat bəxş edən şeylərə (yəni, qanunlara tərəf) dəvət edən zaman Allah və Onun elçisinin çağırışını qəbul edin.”
Yuxarıda qeyd olunan ayədən həqiqi insan həyatının nədən ibarət olması aydın olur. Adətən insanların həyat anlayışını yalnız maddi çərçivədə düşünmələri onları həqiqi həyatın nədən ibarət olmasından qafil edir. Qurani-Kərim bəşər övladına maddi mövcudluğun həyat anlamında olmadığını başa salaraq həqiqi həyatı necə əldə etməyin yollarını insanlara öyrədir. Belə ki, insanın cism və ruhdan ibarət bir varlıq olduğunu nəzərə alaraq deyə bilərik ki, onun həqiqi həyatı yalnız ruhla bağlıdır. Deməli insan cisminin maddi aləmdə ruhun miniyi funksiyasını daşıması, bununla da onun kamillik zirvəsini fəth etməsi üçün zəmin yaratdığını başa düşmək olar.
Təəssüflə qeyd etmək lazımdır ki, insanların əksəriyyəti öz həqiqətlərini unudaraq maddi ehtiyaclarını ödəməyə aludə olmaqla mənəvi ehtiyaclarının təmin olunmasından uzaq düşür, nəticədə ölümə doğru hərəkət edir. Amma qeyd etdiyimiz bu ölüm və həyat anlayışları heç şübhəsiz cismi ölüm və həyat haqqında deyil. Əksinə onu Xaliqin şah əsəri edən ruhunun ölüm və həyat anlayışıdır. Yəni insan özünün cismi ehtiyaclarını ödəməsə necə məhv olursa, ruhunun mənəvi ehtiyaclarını da təmin etməsə, onun ruhu zülmətə qərq olaraq mənəvi ölümə məhkum olacaq. Ruhun zülmətə qərq olmasının qarşısını alan yeganə səbəb yalnız zülmətin əksi olan nura doğru hərəkətdir. Belə ki, Allah təalanın özünün nur olmasında və Ona tərəf yüksələn yolun da nur saçmasında heç bir şəkk-şübhə yoxdur. Yəni bəşər övladının İlahi təkamül zirvəsini fəth etməsi üçün nurani vücuda malik olması vacibdir. Çünki insanın zülmət və çirkab içində qalaraq nura doğru hərəkət etməsi qeyri-mümkündür. İnsan öz ruhunun nicat taparaq nura qərq olmasının yeganə yolunu İlahi həyatbəxş qanunlarını öz həyatında tətbiq etməklə əldə edə bilər.
Qeyd etdiyimiz kimi Allah-taala bəşər övladını xəlq etdikdən sonra da onu öz başına buraxmayaraq öz həyatbəxş qanunları ilə insan ruhunun qidalanmasına yardımçı olur. İnsan maddi aləmdə həyat sürdüyünə görə, cismi ehtiyaclarının ödənilməsində elə də çətinlik çəkmir. Yəni susuz və ya ac olduqda maddi nemətlərin vasitəsilə öz ehtiyaclarını ödəyir. Lakin insan ruhunun maddi deyil, mücərrəd bir varlıq olması, yəni ruhun maddi aləmin fövqündə duran mənəvi aləmə bağlılığına görə maddi aləmdə ruhi təminatlarının ödənilməsində ciddi problemlərlə üzləşir. Bu isə öz növbəsində ruhi təminatların ödənilməsinin yeganə yolunun mənəvi aləm olduğunu ortaya qoyur. Bu bağlılığı yaradan yeganə səbəb isə bəşər övladının ilahi həyatbəxş qanunlarını öz fərdi və ictimai həyatında tətbiq etməsidir. İnsanın həyatında, yaşayışında hər bir anı nəzərə alan Mərhəmətli və Mehriban Allah öz bəndələrini qəflət yuxusundan ayıltmaq üçün elçilərinin vasitəsilə bəşəriyyətə insanlığı ölümdən, tənəzzüldən, çirkabdan xilas edə bilən qanunlarını göndərib.
Beləliklə aydın olur ki, insanın ilahi həyatbəxş qanunlara olan ehtiyacı onun maddi ehtiyacları ilə müqayisə oluna bilməz. Çünki cism insan həqiqətini təşkil etmir və dünyada müvəqqəti olaraq ruhun miniyi funksiyasını icra edir. Lakin ruh insan varlığını, həqiqətini təşkil etməklə yanaşı, onu ali zirvələrə yüksəldir.
İnsan su və havadan istifadə etməsə, ölümlə üzləşə bilər. Onun üçün bu ölüm yalnız körpü xarakteri daşıyır. Yəni müvəqqəti dünya həyatının bitməsi və əbədi olan axirət həyatının başlanmasını göstərir. Lakin bəşər övladının həyatında İlahi həyatbəxş qanunların tətbiq olunmaması onu tənəzzülə və mənəvi ölümə sürükləyərək əbədi əzaba düçar edir.
Nəticə etibarı ilə tam əminliklə deyə bilərik ki, insan ruhunun zülmətdən nura qərq olması və ölümdən həqiqi həyata qayıtması yalnız İlahi həyatbəxş qanunların sayəsində mümkün ola bilər.
İlahi, bizim ruhumuzu zülmətdən nura qərq et. Amin!
Hacı Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri.
16 saylı CÇM.
2012-ci il