"Şah Əsər" (1-ci hissə)

"Şah əsər"
(1-ci hissə)
“Cümlənin tamamlayıcısı nöqtə olduğu kimi bütün peyğəmbərlərin (ə) işlərini bir cümləyə bənzətsək, İmam Hüseyn (ə) məktəbi o cümlənin tamamlayıcı nöqtəsidir”
Ulu Yaradan öz qüdrəti ilə yaratmış olduğu məxluqların içərisində özünün şah əsəri olan insanı yaradarkən ona bəxş etdiyi bütün üstünlükləri ilə bərabər, həm də bütün mələkləri insana təzim etməyi əmr etdi. Sözün həqiqi mənasında başqa məxluqların qibtə ilə baxdıqları bu yaradılış ən yüksək mənsəbə malik olan mələkləri də təəccübə salmışdı.
Heyrətamiz təəccübə səbəb olan insanın yaradılışına diqqətlə nəzər saldıqda başqa məxluqlardan fərqli olaraq onun iki əsas ünsürdən, torpaq və İlahi tərəfdən verilmiş ruhdan təşkil olunduğu görünürdü.
İnsan xilqətində iki ünsürdən biri olan torpaq bu varlığın cismani və maddi olmasına dəlalət edirdi, cismani ünsür isə heyvanat məxluqatına aid olan bir cəhət idi. Lakin Allah-Təala tərəfindən verilən ruhun mücərrəd və mənəvi bir aləmə bağlı olması isə onu birbaşa mələklər aləminə aid edirdi.
Mələklər insanın mənəvi potensialının nədən ibarət olduğunu, İlahi ruhun özündə ehtiva etdiyi qüdrətdən xəbərsiz olduğu üçün bu yaradılışı qan tökən və fəsad törədən bir varlıq kimi qəbul edirdilər. Şübhəsiz mələklərin söylədiklərində həqiqətlər var idi. Yəni, insan yer üzündə qan tökəcək, fəsad törədəcək potensial qüvvəyə malik olan bir məxluq idi.
Amma Allah-Təala insana bəxş etdiyi ruhun qüdrətini yaxşı bildiyindən “Mən bildiyimi siz bilmərsiz” kəlməsi ilə bütün mələklər aləmini insana təzim etdirdi.
Əlbəttə ki, varlığa nurdan ibarət olan mələklər insan ruhunun ilahi məqamdan verilən xüsusi qüdrətini dərk etməkdə aciz idilər. Mələklərin mahiyyətinin nurdan ibarət olması və mənsub olduqları nurun yalnız ağılla idarə olunması, insan varlığının mənşəyi olan ruhda tənzimlənən ağıl və şəhvətin qarşı-qarşıya olan mübarizəsindən doğan ali yüksəliş yalnız Uca Tanrıya aid olduğundan mələklərin bu yüksəlişi dərk etməsi qeyri –mümkün idi. Məhz bu mübarizədə ağlın şəhvət üzərində olan qələbəsi insanı Xaliqin şah əsəri etməklə ona təzimi layiq edirdi.
Digər tərəfdə isə insan yaradılışını təəccüb edən mələklərin ona qibtə etdiyi neçə min il Allaha ibadət edən İblis dururdu. Şübhəsiz, İblisin təəccübünün arxasında duran əxlaqi rəzilələr onu fəlakətə aparan başlıca amillərdən biri idi. Eyni zamanda İblisin insanla düşmənçiliyinin əsas səbəbi şah əsərin yaradılışı ilə İblisin daxili rəzilələrinin aşkara çıxması oldu. Neçə min il daxili küfrünü, təkəbbürünü və xislətində olan digər rəzilələri gizlətməyi bacaran İblis insan qarşısında təzim etməkdən boyun qaçıraraq özünün daxili küfrünü aşkara çıxartdı və bununla da, əbədi olaraq Allah rəhmətindən uzaq düşdü. İnsan yaradılışında iki əsas ünsürdən biri olan torpağı əlində rəhbər tutaraq, Allaha etiraz edən İblis “Məni oddan, onu isə torpaqdan yaratmısan, mən ondan üstünəm” deməklə İlahi dərgahdan qovularaq əbədi bədbəxtçiliyə düçar oldu. Doğrudur, bütün mələklər kimi İblisin də təziminə layiq olan insan bütün təzimə torpaqdan xəlq olduğuna görə deyil, əksinə Uca Tanrı tərəfindən insana verilən ruh ona bu üstünlüyü verərək, bu mənsəbə qaldırmışdır. Amma bundan xəbərsiz olan və yaxud bilib qərəzli mövqe nümayiş etdirən İblis etirazı ilə Yaradanın əmrindən çıxaraq onun qəzəbinə gələrək, əbədi olaraq İlahi rəhmətdən uzaq düşdü.
Beləliklə, Uca Tanrının qalmaqallı yaradılışı olan insan Allahın yaratdıqları içərisində ona verilən ruhun potensial qüvvəsi ilə ən yüksək zirvəni fəth etmə qabiliyyətinə malik olan bir məxluq idi. Buna bir misal olaraq, insanların, xüsusi ilə bütün peyğəmbərlərin sonuncusu və ən üstünü olan İslam peyğəmbəri Həzrəti Məhəmmədi (Allahın salamı olsun ona və pak ailəsinə) göstərmək olar. Belə ki, İlahi dərgaha ən yaxın mələk olan Cəbrail Əmin İslam Peyğəmbərini (s.ə.ə.s.) Merac səfərində müşaət edərkən yüksək bir məqamda Həzrəti Məhəmmədi (s.ə.ə.s) tənha qoymağa məcbur qaldı. Yəni, Cəbrail Əminin İlahi dərgaha ən yaxın mələk olmasına baxmayaraq, İlahi təkamül məqamının zirvəsinə yüksəlməyin onun qüdrətindən xaric olması Uca Allahın “Mən bildiyimi siz bilmirsiz” kəlməsinin təzahürü kimi qeyd etmək olar.
Beləliklə, Merac səfərində insan ruhunun potensial qüvvəsinin kamil forması İslam Peyğəmbərinin (s.ə.ə.s) mübarək vücudunda öz təsdiqini tapdı və mələklərin təəccüblə dolu olan suallarına Allah-Təalanın “Mən bildiyimi siz bilmirsiz” cavabı Həzrəti Məhəmmədin (s.ə.ə.s) şəxsində zühur etdi və bununla da, insanın Allahın yaratdıqları içərisində Şah Əsər olduğunu təsdiqlədi.
Hacı Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri.
16 saylı CÇM.
2012-ci il.