Sağlığında test 2 dəfə neqativ, ölümündən sonra isə pozitiv çıxdı

Pnevmoniyadan dünyasını dəyişən Rusiyanın Sverdlovsk vilayətindəki Krasnoufimsk şəhərinin sakini, əslən azərbaycanlı sahibkarın ölümündən sonrakı analizlər mərhumun koronavirusa yoluxduğunu təsdiqləyib.

Operativ.tv xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yevgeni Kuyvaşev öz instaqram hesabında açıqlama verib. Onun sözlərinə görə, mərhum sağlığında iki dəfə testdən keçsə də, onda koronavirus aşkarlanmayıb. Mərhumun adının Natiq olduğu məlum olub.

Yaxın ətrafının verdiyi məlumata görə, o fərdi sahibkar kimi fəaliyyət göstərib və meyvə satışı ilə məşğul olub.

 

Sverdlovskdakı Operativ Qərargahın məlumatına görə, o həmin vilayətdə virusun ilk və hələlik son qurbanıdır.

Yaxınları onun koronavirusdan ölmədiyini düşünür, çünki ilk iki test mənfi nəticə verib, üçüncüsü haqqında isə məlumatları yoxdur.

Bildirilib ki, mərhumun cənazəsi aprelin 17-si Azərbaycana gətirilib.