Rüşvət almaqda ittiham edilən komandirə hökm oxundu

Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənov hakim qarşısına çıxarılıb. O, rüşvət almaqda ittiham edilir.

Operativ.tv "Musavat.com"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Kazım Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmə belə nəticəyə gəlib ki, o, həbs edilmədən də islah oluna bilər. Ona görə də Kazım Həsənova şərti cəza verilib.

K.Həsənovun ittiham olunduğu CM-in 311.2.3 (təkrar rüşvət alma) maddəsində 8 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulmuşdu. Ancaq məhkəmə ona münasibətdə CM-in 62-ci (maddədə nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin etmə) maddəsini tətbiq edib. Ona 5 il cəza verilib, bu da şərti hesab olunub.

Qeyd edək ki, rəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılış üçün 30-40 manat məbləğində rüşvət alıb.

İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.

O söyləyib ki, hərbi hissədə tabeliyində olan əsgərləri həftə sonları şəhərə buraxıb, amma onlardan pul almayıb.

"Əsgərlər buraxılışa gedən zaman hərbi biletləri özlərinə verirdim. Hərbi hissəyə qayıdanda isə təhvil verirdilər. Bəzi əsgərlər axşam saat 9-da qayıtdıqları üçün həmin vaxt mən növbədə olmurdum. Ona görə də növbətçi zabitlər əsgərdən hərbi bileti təhvil alıb saxlayırdılar, səhəri gün mənə təhvil verirdilər. Mənim tabeliyimdə olan əsgərlərin sayı dəqiq deyildi. Yerdəyişmələr olurdu, amma təxminən 70-80 əsgər var idi"- deyə təqsirləndirilən şəxs ifadəsində bildirib.

Hazırda ev dustaqlığında olan K.Həsənov nə özünün nə də digər zabitlərin əsgərlərdən pul almadığını deyib.

Suallara cavab verən K.Həsənov ona ittiham verilmədən öncə hərbi hissədə baş verən insident haqda danışıb.

O deyib ki, həmin ərəfədə əsgərlər arasında mübahisə olub:

"Əsgərlərdən biri o birinə güllə atmışdı. Əsgər Qasımzadə ilə başqa bir əsgər arasında mübahisə olmuşdu. Əsgərlərdən birinin digəri ilə problemi var idi. Eşitdiyimə görə, əsgər əsgəri təhqir etmişdi. Amma bu hadisənin mənə heç bir aidiyyatı yox idi".

Qeyd edək ki, K.Həsənova qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.