Ruslan İzzətli hərbi hospitala yerləşdirilib

Siyasi fəalın böyrək daşı və bel yırtığından əziyyət çəkdiyi bildirilir
 
D18 Hərəkatının sədri, hazırda Azərbaycan Ordusunda əsgər kimi xidmət edən Ruslan İzzətli Bakıdakı Mərkəzi Kliniki Hərbi Hospitala (MKHH) yerləşdirilib.
 
Ailəsi Meydan TV-yə deyib ki, Ruslan İzzətli kəskin böyrək daşı ağrısı ilə hospitala gətirilib.
 
Onun səhhətində ciddi problemlərin olduğunu deyən ailə üzvləri bildiriblər ki, Ruslan İzzətli əsgər aparılmamış böyrək daşı və bel yırtığı xəstəliyindən əziyyət çəkib. Belə ki, böyrəyi xəstədir və tibbi müayinə zamanı onda 5 mm səviyyəsində bel yırtığı aşkarlanıb:
 
"Biz Ruslan İzzətlinin səhhətində problemlərin olduğunu və xidmətə yararlı olmadığını dedik, bütün tibbi müayinələr dediklərimizi təsdiqlədi, amma Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bunu nəzərə almadı. İndi sübut olundu ki, əslində, Ruslanın səhhətində ciddi problem var və qısa bir zamanda da hospitala yerləşdirildi. Aydın görünür ki, onun xidmətə aparılması siyasi sifariş idi, hətta Ruslan özü də dəfələrlə bu barədə ictimaiyyətə məlumat vermişdi".
 
Onların sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağdam Rayon Şöbəsi səhhətini nəzərə almadan 2020-ci ilin mayında onu məcburi xidmətə aparıb.
 
R.İzzətli hərbi xidmətə aparıldığına görə 1 il ərzində hərəkata İdarə Heyətinin üzvü Samirə Agayeva rəhbərlik edir.