Rusiya Qazaxıstanın Avropaya neft ixrac edən əsas terminalını bağlayıb

Rusiyanın Novorossiysk şəhərinin Primorski rayon məhkəməsinin qərarı ilə Xəzər Boru Kəməri Konsorsiumu Rostransnadzor tərəfindən müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün dəniz terminalının fəaliyyətini 30 gün müddətinə dayandıracaq.

Operativ.tv APA-a istinadən verdiyi xəbərə görə, Xəzər Boru Kəməri Konsorsiumunun təhlükəli istehsalat obyektlərinin texniki vəziyyətinin və onların istismarı zamanı ekoloji tələblərə uyğunluğunun qiymətləndirilməsi məqsədilə mart ayında Baş nazirin müavini Viktoriya Abramçenkonun təşəbbüsü ilə keçirilən auditin nəticəsi olaraq Rostransnadzor bir sıra sənədli pozuntular aşkarlayıb.

İyunun 6-da aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün konsorsiuma əmr verilib, İnzibati Xətalar Məcəlləsinin 14.1.2-ci maddəsinin 4-cü hissəsi (lisenziyada nəzərdə tutulmuş şərtləri kobud şəkildə pozmaqla nəqliyyat sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmə) ilə inzibati xəta haqqında protokol tərtib edilib.

“Əmrin icra müddətinin 30 noyabr 2022-ci ildə başa çatacağına baxmayaraq, Rostransnadzor Krasnodar diyarının Novorossiysk şəhərinin Primorski rayon məhkəməsinə terminalın birbaşa olaraq fəaliyyətini 90 gün müddətinə dayandırmaq niyyəti ilə müraciət edib. 5 iyul tarixli məhkəmə iclasında terminalın fəaliyyətinin dayandırılmasına etiraz etmək üçün işə baxılmasının təxirə salınması ilə bağlı Xəzər Boru Kəməri Konsorsimunun vəsatətini məhkəmə təmin etməyib. Məhkəmənin qərarı Rostransnadzorun tələbləri qismən təmin edilib, Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyəti 30 gün müddətinə dayandırılıb", - deyə konsorsiumun bəyanatında bildirilib.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin əsas ixrac marşrutudur və boru kəməri ilə nəql olunan neftin həcmininin 80%-dən çoxunu təşkil edir. Kəmərin gücü ildə 67 milyon ton neftdir.