Rusiya İranın peykini orbitə çıxardı - Ukraynada, Yaxın Şərqdə, İsraildə hədəfləri izləyəcək

Operativ.tv Azpolitika-ya istinadən xəbər verir ki, avqustun 9-da Rusiya raketi İranın peykini orbitə çıxarıb. İranın “Xəyyam” adlı peyki Moskva vaxtıyla 08:52-də Qazaxıstanın cənubundakı Baykonur kosmodromundan Rusiyanın “Soyuz” raketi ilə orbitə qalxıb.

“The Washington Post” qəzeti ötən həftə yazırdı ki, ABŞ rəsmiləri Rusiya ilə İran arasında yenicə başlayan kosmik əməkdaşlıqdan narahatdır, onlar qorxurlar ki, bu peyk nəinki Rusiyaya Ukraynada kömək edəcək, həmçinin İranın İsrail və Yaxın Şərqdə potensial hərbi hədəfləri izləməsi üçün görünməmiş imkanlar açacaq.

İran peykin elmi tədqiqat, o cümlədən kənd təsərrüfatı məqsədilə radiasiya və ətraf mühitin monitorinqi üçün hazırlandığını, onun topladığı informasiyaya digər ölkənin çıxışının olmayacağını deyir.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan İranla münasibətləri dərinləşdirməyə çalışır. Ötən ay Prezident Vladimir Putin müharibənin əvvəlindən bəri keçmiş Sovet İttifaqından kənara ilk səfərini İrana edib.