Rusiya: Biz İsrailin Qolan təpələri üzərində suverenliyini tanımırıq

Dmitri Bolyansk İsrailin Fələstin və Suriyadakı hərəkətlərini tənqid edib.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Dmitri Bolyansk İsrailin Fələstin və Suriyadakı hərəkətlərini tənqid edərək, "Bu hərəkətlər ABŞ-ın razılığı ilə həyata keçirilir və sülhün bərpası ehtimalının qarşısını alır" deyib.
“Shafaqna” tərcümə xidmətinin məlumatına görə, Bolyanski BMT Təhlükəsizlik Şurasının iclasında deyib: “Keçən il İsrail 12 mindən çox ev tikmək və mindən çox fələstinli evini sökmək qərarına gəlib. Moskva İsrailin Qolan təpələri üzərində suverenliyini tanımır. İsrail hökuməti 2026-cı ilə qədər İordan çayının qərb sahilində və işğal olunmuş Qolanda yaşayan israillilərin sayını iki dəfə artırmağı planlaşdırır.”
Bolyanski, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə artan zorakılıq səviyyəsini əsas gətirərək, fələstinlilərin vəhşicəsinə həbs edilməsini və fələstinli jurnalist Şirin Əbu Aqilənin İsrail qüvvələri tərəfindən öldürülməsini tənqid edib.
Rusiyanın BMT-dəki nümayəndəsi İsrailin iyunun 10-da Suriya ərazisinə endirdiyi hava zərbələri və Dəməşq Beynəlxalq Hava Limanına böyük ziyan dəydiyini əsas gətirərək hücumun humanitar yardım uçuşları da daxil olmaqla bütün uçuşları dayandırdığını bildirib.
“Belə bir hiss var ki, birtərəfli aktlar Vaşinqtonun gizli razılığı ilə həyata keçirilib, bu sülhün bərpasına mane olan qeyri-qanuni hərəkətlərdir” – deyə Bolyanski bildirib. 
Rusiyalı diplomat sözünü belə yekunlaşdırıb: “Beynəlxalq ictimaiyyətin Fələstin xalqının hüquqlarının sistematik şəkildə pozulmasına biganəliyi Qərb ölkələrinin insan haqlarına ikili yanaşmasının bariz nümunəsidir”.